Qüdrət Həsənquluyev: “Bütün siyasi partiyaları seçkilərin nəticələrini tanımağa və parlamentin legitimliyini şübhə altına almamağa çağırırıq” - AÇIQLAMA
"Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ məsələsində tutduğu prinsipal mövqe onun liderlik etdiyi partiyanın son seçkilərdə qələbə qazanmasında birbaşa və həlledici rol oynayıb". SİA-ya açıqlamasında bu sözləri deyən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlament seçkilərinin nəticələrini tanıdığını bildirib.
"ATƏT, Avropa Şurası və Avropa Birliyinin müşahidə missiyasının parlament seçkilərinin nəticələrinə dair yaydıqları hesabatı dəstəkləyirik" deyən partiya sədri qeyd edib ki, eyni zamanda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin seçki məntəqələrinin 10 faizində baş vermiş qanun pozuntularının Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumları tərəfindən araşdırılaraq obyektiv hüquqi qiymət veriləcəyi barədə bəyanatının, o cümlədən hökumətin növbəti seçkilərin daha şəffaf və demokratik şəraitdə keçiriləcəyi barədə vədlərinin gerçəkləşəcəyinə ümid bəsləyirik. O, söyləyib ki, partiya olaraq Azərbaycan hökumətini bu addımları həyata keçirməyə çağırır.
Təmsil olunduğu "İslahat Bloku"nun parlament seçkilərinin nəticələrinə münasibətinə gəlincə, Q.Həsənquluyev qeyd edib ki, bütün siyasi partiyaları seçkilərin nəticələrini tanımağa və parlamentin legitimliyini şübhə altına almamağa çağırır: "İslahat Bloku" seçki qanunverciliyinə əsasən 61 seçki dairəsində deputatlığa namizədləri qeydə alınmadığı üçün seçki bloku kimi mövcud deyil. Yəqin ki, blokda təmsil olunan siyasi partiyalar ayrı-ayrılıqda seçkilərlə bağlı mövqelərini açıqlayacaqlar. Mən isə yalnız Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mövqeyini ifadə edə bilərəm. Bəli, BAXCP seçkilərin nəticələrini tanıyır. Eyni zamanda biz, bütün siyasi partiyaları seçkilərin nəticələrini tanımağa və parlamentin legitimliyini şübhə altına almamağa çağırırıq. Çünki cəmiyyətin ayrı-ayrı qruplarının, yaxud bir sıra siyasi partiyaların parlamentin legitimliyini tanıyıb-tanımamaqlarından asılı olmayaraq, onlar da hamı kimi Milli Məclisin qəbul etdiyi qanunlarla yaşayacaq və fəaliyyət göstərəcəklər".
ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrilə bağlı açıqlamasının ATƏT, Avropa Birliyi və Avropa Şurasının müşahidə missiyasının hesabatından kəskin şəkildə fərqlənməsinə də toxunan BAXCP sədri Azərbaycana bu günədək səfir təyin edilməməsinin ABŞ hökumətinin ölkəmizə olan münasibətini tam çılpaqlığı ilə ortaya qoyduğunu dilə gətirib: "Azərbaycanda hamı yaxşı anlayır ki, ABŞ-ın hansısa senatorun səfir təyinatına maneə yaratdığını əsas gətirərək, ölkəmizdəki diplomatik missiyasına rəhbər təyin etməməsi hansı məqamlardan və maraqlardan qaynaqlanır. Bütün bu manevrlər gülünc təsir bağışlayır və Azərbaycana qarşı dost olmayan bir münasibəti nümayiş etdirir. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti isə başa düşür ki, bu münasibətlərin bünövrəsində nə dayanır - Barak Obama İlham Əliyevin Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı prinsipial mövqeyini, Azərbaycan prezidentinin məhz bu məsələ ilə bağlı İstanbula səfərdən imtina etməsini həzm edə bilmir. Əsil həqiqət budur və Azərbaycan xalqı baş verənlərin fərqindədir. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin məhz Dağlıq Qarabağ məsələsində tutduğu prinsipal mövqe onun liderlik etdiyi partiyanın son seçkilərdə qələbə qazanmasında birbaşa və həlledici rol oynayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB