Qənirə Paşayevanın Mustafa Kamal Atatürkə həsr olunan kitabı təqdim olunub

Qənirə Paşayevanın Mustafa Kamal Atatürkə həsr olunan kitabı təqdim olunub
Bu gün Atatürkün haqqa qovuşduğu 10 noyabr günü Xəzər universitetində "Atatürkün anım" adlı ədəbi-bədii tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkili Qənirə Paşayeva, xalq şairi Zəlimxan Yaqub, universitetin rektoru Hamlet İsaxanlı, Şimali Kiprin Azərbaycandakı nümayəndiliyi, Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TUSİAB), Atatürk mərkəzinin əməkdaşları, türkoloqlar və başqaları iştirak ediblər.

İlk olaraq tədbiri açıq elan edən universitetin rektoru Hamlet İsaxanlı bildirib ki, belə bir kitabın nəşr olunması təqdirə layiqdir.

Bundan başqa, tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın Mustafa Kamal Atatürkə həsr olunan silsilə məqalələrin əsasında hazırlanan və TUSİAB-ın xətti ilə nəşr olunan "Dünyanın itirdiyi böyük insan" kitabı təqdim olunub. Bu kitab Q. Paşayevanın oxucularla 6-cı kitablı görüşüdür.

Müəllif bu kitabda türk dünyasının (bütövlükdə dünyanın) böyük dövlət xadimlərindən biri, Türkiyə Cümhuriyyətinin qurucusu M. K. Atatürk haqqında fikir və mülahizələrini bölüşüb.

Nəşr məktəblilər, tələbələr, bütövlükdə, Atatürk haqqında oxumaq, öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə