Elmi və elmi-texniki jurnalların təqdimat-sərgisi keçirilib

Elmi və elmi-texniki jurnalların təqdimat-sərgisi keçirilib

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA MEK-in və Rusiyanın "Информнаука" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) birgə təşkilatçılığı ilə elmi və elmi-texniki jurnalların təqdimat-sərgisi keçirilib.

SİA-nın məlumatına görə, beynəlxalq əlaqələrin genişləndirilməsi, dərinləşdirilməsi və inkişafı istiqamətində keçirilən sərgidə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli "Информнаука" jurnalı haqda ətraflı məlumat verib. MDB dövlətlərinə elmi və elmi-texniki ədəbiyyat ixrac edən "Информнаука" MMC-nin Rusiyanın ən böyük müəssisələrindən biri olduğunu söyləyən A. Əliyeva-Kəngərli firma tərəfindən MEK-ə 200-dən çox elmi jurnalların təqdim olunduğunu bildirdi. O, Rusiyada nəşr olunan bu jurnalların kitabxananın dövri mətbuat fondunu zənginləşdirəcəyini qeyd edib.

Sərgidə çıxış edən AMEA prezidenti, akademik Mahmud Kərimov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və "Информнаука" MMC-nin MEK-ə gətirdiyi kitabların elmin inkişafına öz töhfəsini verəcəyini bildirib.

"İnformnauka" MMC-nin baş direktoru L.Alfimov isə qeyd edib ki, biz düşündük ki, elə jurnallar gətirək ki, insanların marağına səbəb olsun. O, məqsədlərinin MDB ölkələri ilə bu elmi kitabları paylaşmaq olduğunu söyləyib.

Sərgidə "Известия Российской Академии наук", "Доклады Российской Академии наук", "Алгебра и анализ", "Нефтехимия", "Атомная энергетика", "Ботанический журнал", "Работотехника", "Космические исследования", "Ядерная физика", "Экология", "Электротехника", "Известия Русского географического общества", "Геология, геофизика и разработка нефтяных и газовых месторождений", "Аграрная Россия", "Нефть России", "Офтальмохирургия" və s. elmi jurnallar nümayiş etdirilib.

Qeyd edək ki, səgidə nümayiş olunan jurnallar tezliklə MEK-in dövri mətbuat zalında oxucuların istifadəsinə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə