AŞPA Azərbaycanı itirmək təhlükəsini anlamağa məhkumdur TƏHLİL

AŞPA Azərbaycanı itirmək təhlükəsini anlamağa məhkumdur TƏHLİL

Qurumun ermənipərəst deputatları qərəzlərini davam edərsə, bunun ağır fəsadlarından yaxa qurtara bilməyəcəklər

Azərbaycana qarşı hər zaman qərəz mövqeyi ilə seçilən AŞPA-nın bu dəfə önə sürdüyü “korrupsiya hesabatı” da qeyri-obyektiv və qərəzlidir. Hətta qeyd edə bilərik ki, ayrı-ayrı deputatların fərziyə, ehtimal və gümanları üzərində qurulmuş subyektiv mülahizələrdir. Məhz bu baxımdan, qənaətə gələ bilərik ki, AŞPA Azərbaycana qarşı yürütdüyü ikili standartları ilə özünü müəyyən dairələrin əlində alətə çevirən qurum kimi təqdim edir. Ümumiyyətlə, AŞPA-nın qərəzli qətnamələri və hesabatları ictimaiyyət nümayəndələrində haqlı olaraq ciddi narazılığa səbəb olub. Axı, Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyi olduğu kimi, Avropa Şurasının da Azərbaycan qarşısında müəyyən öhdəlikləri var. Neçə illərdən bəri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Dağlıq Qarabağ problemi ilə bağlı qurumun özünün qəbul etdiyi qətnamələrin real həllini tapması istiqamətində kəsərli addım atmadığı ikili münasibətlərdən xəbər verir.

AŞPA deputatları qondarma erməni soyqırımı abidəsi önündə diz çökür və Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir!

Digər tərəfdən, AŞPA-nın baş katibi Tyorborn Yaqlandın ayrı – seçkiliyi, ölkəmizə qarşı xüsusilə qərəzli olması, aqressiv münasibəti demokratik prinsiplərlə daban-dabana ziddir. Daim insan haqlarından danışan Tyorborn Yaqland Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın doğma torpaqlarından didərgin salınmasına, yaşadıqları ağrı-acıya heç nə baş verməmiş kimi münasibət bildirmir. Yaqlandın baş katib olduğu dövrdə ölkəmizə qarşı artan təzyiqlər onun Azərbaycana olan mənfi münasibətindən irəli gəlir.

Ümumiyyətlə, AŞPA-nın qərəzli hesabatı bir daha təsdiqlədi ki, bu qurum müstəqil siyasət yeridən ölkələrə təzyiq göstərmək üçün artıq bir alətə çevrilib. Təşkilatın rəhbərlərindən biri olan Tyorborn Yaqlandın fəaliyyətini bir qədər araşdırdıqdan sonra şahidi oluruq ki, o, bu gün açıq şəkildə ermənipərəst mövqedən çıxış edir, işğalçı tərəfin yanında yer alır, Azərbaycana qarşı əsassız fikirlər səsləndirir. Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən qurumun rəhbəri 2015-ci ildə qondarma erməni soyqırımı ilə bağlı Ermənistanın paytaxtında keçirilən beynəlxalq forumda şəxsən iştirak edib. Eyni zamanda, həmin forumda onun səsləndirdiyi fikirlər, bugünkü antiazərbaycan mövqeyinə tam işıq salır. Həmin forumda deyib ki, türklər ermənilərə qarşı dəhşətli cinayət törədiblər.

Avropa Şurası dəfələrlə işğalçı Ermənistanı və onun terrorçu rəhbərliyini tərfiləyib, xüsusilə də iqrçiliyə və ksenofobiyaya qarşı mübarizə (?!-R.N.) aparmasından çox məmnun olduğunu bəyan edib. Budurmu Avropa “ədaləti”?!

Bəs AŞPA Azərbaycanın qarşısındakı öhdəliyə əməl edibmi?

Əslində isə AŞPA-nın erməni lobbisinə işləyən, həmin lobbidən qeyri-qanuni pullar alıb korrupsiyalaşan deputatları gedib öz ölkələrində insan hüquqlarının pozulması, sərbəst toplaşma azadlığının polis vəhşiliyi, irqi ayrıseçkilik problemlərini təftiş edib, hesabatlar çıxarmalıdırlar. Fəqət, bu olmayıb və olmayacaq da. Çünki necə deyərlər, harın-harının ayağını basmaz...

AŞPA-nın ermənipərəst deputatları yaxşı bilirlər ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 17 il ərzində çox dəyərli demokratik islahatlar həyata keçirib və bu gün də həmin islahatlar davam edir. Lakin təəssüf ki, bunların heç biri nəzərə alınmır və Azərbaycana təzyiq göstərmək cəhdindən əl çəkilmir. Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri daim tam şəkildə yerinə yetirməyə çalışır və buna da nail olur. Amma Avropa Şurasının da Azərbaycan qarşısında böyük bir öhdəliyi var – Azərbaycan ərazilərinin işğalının müəllifi olan digər üzv dövləti bu təcavüzə son qoymağa vadar etmək. Ancaq bu qurum ölkəmizə qarşı əsassız qətnamələr, hesabatlar qəbul etməklə özünü gülünc vəziyyətə salır. Bu qurumun Azərbaycan və onun rəhbərliyi haqqında yalanları, böhtanlarla dolu sayıqlamaları, heç bir fakta əsaslanmayan qərəzli qətnamələri isə ictimai rəydə ikrah hissləri doğurur. Bu ikrah nəticədə Azərbaycanın adıçəkilən qurumu tərk etməsinə səbəb ola bilər – yəni AŞPA Azərbaycanı itirmək təhlükəsini anlamağa məhkumdur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə