“Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoyan ölkələrdəndir” MÖVQE
“Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri həm iqtisadi, həm də siyasi əhəmiyyətə malikdir”. Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
Səfər zamanı iki ölkə arasında imzalanan sənədləri xüsusi vurğulayan politoloq söyləyib ki, səfər daha çox siyasi məsələlərlə əlaqəlidir: “Bilirsiniz ki, regionda kifayət qədər mürəkkəb proseslər gedir. Rusiyanın qonşusu olaraq biz də bu proseslərdə iştirak etdikdə Qərbin Azərbaycana olan münasibətini xüsusi diqqətdə saxlamalıyıq. Qərbin ölkəmizə qarşı münasibətində bizim maraqlarımızdan kənar cəhdlərə imkan verməməliyik. Azərbaycan prezidentinin ən böyük bacarığı ölkəmizə qarşı olan təhdidləri qabaqcadan görüb onların qarşısını almaq qabiliyyətinə malik olmasıdır. Dövlət başçısı problem yaranmamışdan öncə onu görüb qarşısını ala bilir”.
Regionda vəziyyətin gərgin olduğunu xatırladan M.Əhmədoğlu söyləyib ki, yaxın zamanda bu vəziyyət daha da gərginləşə bilər: “Ölkə başçısı bu səfərlə Azərbaycanın Qərblə münasibətlərinin normal olduğunu bütün qonşu dövlətlərə sübut etmiş oldu”.
Politoloq əlavə edib ki, Prezident İlham Əliyevin Türkiyədən sonra Böyük Britaniyaya səfəri həm də iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirir: “Azərbaycan Böyük Britaniya ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm əhəmiyyət verir. Böyük Britaniya da Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan xarici ölkələrdəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB