Azərbaycan prezidentinin təltif etdiyi bir qrup jurnalistə fəxri ad və mükafatların təqdimetmə mərasimi keçirilib

Azərbaycan prezidentinin təltif etdiyi bir qrup jurnalistə fəxri ad və mükafatların təqdimetmə mərasimi keçirilib

Bu gün Azərbaycan Mətbuat Evinin Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Milli Mətbuat Gününün 135 illiyi münasibətilə Azərbaycan prezidentinin təltif etdiyi bir qrup jurnalistə fəxri ad və mükafatların təqdim olunması mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, qəzet redaktorları və digər şəxslər iştirak ediblər. Onu da bildirək ki, bugünkü tədbir həm də BMM-nin açılışı ilə əlamətdar olub.

Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illik yubileyinin geniş şəkildə qeyd edildiyini deyib və bildirib ki, müstəqillik illərində mətbuat keşməkeşli bir yol keçib. Müəyyən dövrlərdə jurnalistika və dövlət, jurnalistika və cəmiyyət arasında problemlərin də ortaya çıxdığını dilə gətirən Ə.Həsənov söyləyib ki, 1991-ci illə indiki dövrü müqayisə etdikdə kəskin fərqlər nəzərə çarpır: "Bu gün dünya mətbuatı ilə müqayisə oluna biləcək yazılı mediamız var. Bu gün dünya miqyasında Azərbaycanı təmsil edə biləcək mediamız, jurnalistlərimiz, jurnalist təşkilatlarımız mövcuddur".

Jurnalistikanı bütün dövrlərdə üç əsas ölçü, meyar fərqləndirdiyini deyən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri bunun birincisinin mükəmməl qanunvericilik bazasının olduğunu vurğulayıb: "Müstəqil mətbuat yalnız münbit şərait yaradılan məkanda inkişaf edə bilər. Bunun üçün mütləq şəkildə milli qanunvericilik olmalıdır. Bu qanunvericilikdən çıxış edərək jurnalistikanın prinsipləri, kodeksi, normaları və digər məsələlər müəyyən olunur. Digər tərəfdən tək bir qanunla jurnalistikanı cəmiyyətin aparıcı institutuna çevirmək olmaz. İkinci əsas məsələ maddi bazadır. Bütün dünyada media bir kommersiya vasitəsidir. Müstəqillik illərində mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğulamaq lazımdır. Ən mühüm və üçüncü məsələ isə jurnalist əxlaqı, jurnalist peşəkarlığı, mənəviyyatı ilə bağlıdır. Jurnalist unikal bir peşədir, təkrarolunmaz bir sənətdir. Digər peşələrlə müqayisə olunduqda jurnalist ən məsuliyyətli bir peşədir. Jurnalistin əməyinin nəticəsi olaraq cəmiyyətdə mühit formalaşır. Ümummilli liderimiz Heydər Əliyev həmişə deyirdi ki, jurnalist olmaq üçün təkcə peşəkarlıq kifayət etmir, təkcə ali təhsil almaq bəs etmir, eyni zamanda jurnalistlər ən fədakar insanlar olmalıdır ki, onların yazdıqları cəmiyyətdə qəbul olunsun".

Azərbaycan hökumətinin bugünkü mətbuat siyasətinin bu üç əsas meyar üzərində qurulduğunu deyən Ə.Həsənov bildirib ki, sözügedən prinsiplər hal-hazırda prezident İlham Əliyev tərəfindən həyata keçirilir: "Milli mətbuatın 135 illik yubileyində hamı gördü ki, dövlət mətbuat üçün nə edir və nə etməyə çalışır. Dövlətin mətbuat qayğısı bundan sonra da davam edəcək. Hansı düşərgəyə aid olmasından asılı olmayaraq hər bir jurnalist dövlətin diqqətindən kənarda qalmayacaq".

Daha sonra Ə.Həsənov, V.Səfərov və Ə.Amaşov mükafatları jurnalistlərə təqdim edib.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevə də "Tərəqqi" medalı verilib.

Mükafatçılar sırasında həmkarlarımızdan AzərTac Dövlət İnformasiya Agentliyinin xüsusi müxbiri Sabir Hacıyev (Şahtaxtı), "Mövqe" qəzetinin baş redaktoru İlham Ələsgərov, "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova və digərləri də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə