Astara bağlarında limon ağaclarının sayı kəskin şəkildə azalıb

Astara bağlarında limon ağaclarının sayı kəskin şəkildə azalıb

Astara rayonunun sitrus bağlarından meyvə yığımına başlanıb. SİA-nın cənub bürosunun məlumatına görə, noyabrın ilk günlərindən başlayaraq narıngi və limon yığımına start verən bağ sahibləri məhsuldarlığın əvvəlki illərə nisbətən aşağı olmasından narahatdırlar.

Fermer Arif Rəhimovun sözlərinə görə, bu il naringi bağlarında məhsuldarlıq təxminən 60 faiz aşağı düşüb. Buna səbəb yayın çox quraq keçməsidir. Əsas səbəb yayda ağacların yaxşı suvarılmamasıdırsa, məhsuldarlığın aşağı düşməsinin digər bir səbəbi məhsul arasında kartof xəstəliyinin yayılmasıdır.

Astara rayon İcra Hakimiyyətində isə bu məsələyə nikbin yanaşırlar. İcra Hakimiyyətindən verilən məlumata görə, ötən il rayon ərazisindəki sitrus bağlarından ümumilikdə 22.558 ton məhsul yığılmışdısa, bu il 25 min tona yaxın məhsul yığımı gözlənilir.

Astara rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsinin məsləhətçisi Mirzağa Baxşıyevin fikrincə, limon bağlarında həqiqətən az məhsul gözlənilir. Fermerlər əvvəllər bir ağacdan 500 ədəd limon götürürdülərsə, bu il 100 limon ancaq götürə biləcəklər. Həmçinin bağlarda limon ağaclarının sayı da kəskin şəkildə azalıb. Limona marağı azalmasının səbəbini fermerlər məhsulun bazarda yaxşı qiymətə satılmamasında və güclü şaxtalar zamanı ağacı qorumağın çətinliyində görürlər. Həmçinin son zamanlar Argentina və İrandan gətirilən keyfiyyətsiz və ucuz limonlar da bazarda yerli məhsulu dəyərədən salır.

Bütün xəbərlər Facebook səhifəmizdə