Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olublar. SİA-nın xəbərinə görə, dövlət başçısına layihə əsasında görülən tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, layihəyə əsasən Mərkəzin inşa ediləcəyi ümumi ərazi 15,25 hektara bərabərdir. Ümumi ərazinin 2 hektara yaxını əsas binanın və tikililərin yerləşdiyi torpaq sahəsi, 13,25 hektarı isə landşaft ərazisidir.

Qeyd olunub ki, Heydər Əliyev Mərkəzi bir məkanda yerləşən və vahid kompleks təşkil edən üç əsas strukturdan ibarət olacaq. Kompleksin ümumi tikinti sahəsi 57 min kvadratmetr təşkil edəcək. Bu struktura 10.854 kvadratmetr sahəsi olan muzey və mədəni irs mərkəzi, 985 nəfərlik konfrans salonu, 27.880 kvadratmetr ərazisi olan çoxməqsədli zal və 12.920 kvadratmetr sahəyə malik kitabxana və media mərkəzi daxil olacaq. Bütövlükdə əsas binanın ümumi istifadədəki sahəsi 6.039 kvadratmetr olacaq.

Heydər Əliyev Mərkəzində tikinti prosesinin gedişi ilə yaxından tanış olan prezident inşaat işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi və inkişaf etdirilməsi məqsədi ilə "Heydər Əliyev Mərkəzinin yaradılması haqqında" 2006-cı il 29 dekabr tarixli və "Heydər Əliyev Mərkəzinin yaradılması ilə bağlı əlavə tədbirlər haqqında" 2007-ci il 24 yanvar tarixli sərəncamlar imzalayıb. Heydər Əliyev Mərkəzi dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi məqsədi ilə yaradılır. Mərkəz ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayacaq beynəlxalq səviyyəli tədbirlərin, müxtəlif konfransların, sərgilərin və görüşlərin keçirilməsinə imkan verəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə