Bakı Metropoliteni işçiləri peşə bayramını qeyd edir

Bakı Metropoliteni işçiləri peşə bayramını qeyd edir
8 noyabr Bakı Metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunur. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2006 tarixli, 1758 nömrəli Sərəncamı ilə 8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günü elan edilib. Bakı Metropoliteninin istismar tarixi 1967-ci il noyabrın 6-dan başlanır. Həmin tarixdə Bakı şəhərində metropolitenin Bakı Soveti-Nərimanov sahəsində 5 stansiyalıq 1-ci növbəsi istismara verilib. Bu da SSRİ-də beşinci, Yaxın Şərqdə isə ilk yeraltı elektrik dəmir yolu idi.

5 stansiya ilə fəaliyyətə başlayan Bakı Metropoliteninin indi 20-dən çox stansiyası var və bu da hələ son deyil. Çünki yeni stansiyaların tikilib istismara verilməsi işləri davam etdirilir. Plana görə, gələcəkdə tikiləcək yeni stansiyalar hesabına, yeraltı nəqliyyat vasitəsi Abşeron yarımadasının böyük hissəsini əhatə edəcək. 2025-ci ilədək Bakıda metro stansiyalarının sayı 60-ı keçəcək.

Qeyd edək ki, 1967-ci ildə Bakı Metropoliteni Şərqin ilk metrosu kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə