Əli Əhmədov: "Azərbaycandakı prosesləri məqsədli şəkildə təhrif edən xarici mətbuat orqanları çirkli niyyətlərə xidmət ediklərini ortaya qoyurlar"

Əli Əhmədov: "Azərbaycandakı prosesləri məqsədli şəkildə təhrif edən xarici mətbuat orqanları çirkli niyyətlərə xidmət ediklərini ortaya qoyurlar"
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, YAP-ın mərkəzi aparatında keçirilən konfransda Əli Əhmədov bildirib ki, Azərbaycanda bu dəfəki parlament seçkiləri də uğurla keçib. Bunun ölkəmizdə önəmli bir hadisə olduğunu qeyd edən icra katibi layiqli olan namizədlərin seçiləcəyinə əmin olduğunu vurğulayıb. "Seçki demokratik və şəffaf keçib. Bütün siyasi partiyalara və seçkidə iştirak etmək istəyən vətəndaşlara lazımi şərait yaradılıb", - deyə o əlavə edib. Ə.Əhmədov müxalifətin onlar üçün lazımi şəraitin yaradılmaması fikirlərinin əsassız olduğunu deyib. O, namizədlərin öz platformalarını təbliğ etmələri üçün pulsuz efir vaxtlarının verildiyini və bir sıra başqa şəraitin də yaradıldığını bildirib. Sədr müavini hətta pulsuz efir vaxtlarında bəzi müxalifət nümayəndələrinin sui-istifadə hallarına üstünlük verdiklərini vurğulayıb: "Hesab edirəm ki, reallığın təhrik edilməsi, böhtanlar atılması, etik normalardan kənar çıxışlar normal seçki təşviqatı hesab edilə bilməz. Bu, müxalifətin mövqelərinin zəif olmasını bildirir".
Əlli minə yaxın müşahidəçinin qeydə alındığını deyən Əli Əhmədov, hər məntəqəyə 10 nəfər müşahidəçi düşdüyünü qeyd edib. "Seçkilərdə mindən yuxarı beynəlxalq müşahidəçilər olub. Yaxın zamanda nəticələr elan olunacaq. Nəticələr Azərbaycan seçicilərinin iradəsini ifadə edəcək", -deyə o bildirib.
Onun sözlərinə görə, bəzi siyasi partiyalar səsvermənin gedişində də qanun pozuntularına cəhd etməyə meylli olublar. Ə.Əhmədov qeyd edib ki, bu yöndə araşdırmalar aparılır. Icra katibi qanun pozuntuları olan bir sıra dairə və məntəqələrin adlarını sadalayıb: "22 saylı Nəsimi seçki dairəsinin 19 saylı seçki məntəqəsində Pənah Hüseynlinin müşahidəçilərinin seçicilərə təsir göstərməsini qeyd etmək istəyirəm. Onun qızı Aybəniz Hüseynli məntəqənin qarşısında insanların seçimlərinə təsir göstərib. 31 saylı Suraxanı seçki dairəsində Əli Kərimlinin bir dəstə tərəfdarları məntəqələri gəzərək qanun pozuntularına cəhd göstəriblər. Müşahidəçilərimiz bütün qanun pozuntularının qeydiyyatını aparıb və məlumat veriblər. Biz də bununla bağlı MSK-ya müraciət edəcəyik".
Bütün bunlara baxmayaraq səsvermənin normal, demokratik və şəffaf keçdiyini deyən icra katibi səslərin hesablanması prosesində yerli və beynəlxalq müşahidəçilərin iştirak etdiklərini bildirib.
O, Azərbaycanda keçirilən seçki prosesi ilə bağlı bir sıra hallarda bəzi beynəlxalq mediada obyektivliyinin pozulduğunu bildirdiklərini və seçkini tamam başqa bir formada təbliğ etməyə cəhd göstərdiklərini vurğulayıb: "Mətbuatın hər hansı məntəqəyə girməsi və izləməsi üçün qadağa yox idi. Xarici mətbuatın Azərbaycanın müxalifət mətbuatında həqiqətə uyğun olmayan yazılanları öz səhifələrinə köçürmələri qərəzlər yaradır. Onlar hər iki tərəfin yazdıqlarına baxıb analiz edib yazsalar, düzgün olar. Mətbuat bu bu şəkildə hərəkət etməməlidir. Azərbaycandakı prosesləri məqsədli şəkildə təhrif edən xarici mətbuat orqanları çirkli niyyətlərə xidmət ediklərini ortaya qoyurlar. Necə ola bilir ki, o mətbuatın səhifələrində yalnız Əli Kərimlinin, İsa Qənbərin fikirlərinə, müxalifətin həqiqətə uyğun olmayan yazılarına yer var? Niyə hakimiyyətdə olan partiyanın fikirlərini soruşmurlar? Azərbaycan cəmiyyəti belə meyllərə öz etirazını bildirməlidir".
Daha sonra Ə.Əhmədov Azadlıq radiosunun saytı barədə fikirlərini bildirib: "Azadlıq radiosunun saytının səhifələrində Azərbaycanda bir müsbət hadisə görə bilməzsiniz. O sayta baxanda Azərbaycan haqqında çox mənfi fikir formalaşır. Azərbaycan gəncləri oradakı müzakirələrdə iştirak etmək istəyirlər. Fikirlərini göndərirlər, sayt qəbul edir, ancaq səhifəyə qoyulmur. Bu o deməkdir ki, onlar Azərbaycanı yalnız qara rəngdə göstərmək istəyirlər. Buna nə ad vermək olar? Açıq etiraf olunsun ki, bu, hansısa tərəfin pulu ilə Azərbaycana qarşı çevrilmiş təxribatdır. Hökümət mövqeyindən oraya bir mesaj göndərin, görün sayda yayımlanacaq? Onlar fikir azadlığını ən kobud şəkildə təhrif edirlər. Orda yazılanlar da saytın işçilərinin yazdıqları yazılardır".
İcra katibi seçkilərin tam normal, ədalətli, şəffaf keçirildiyini, bu seçkinin Azərbaycan xalqının iradəsini tam ortaya qoyacağını bir daha qeyd edib. O, YAP-ın namizədlərinin qələbə qazanacağına inandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə