Masallıda seçkiləri ATƏT və MDB müşahidəçiləri də izləyiblər

Masallıda seçkiləri ATƏT və MDB müşahidəçiləri də izləyiblər

Cənub bölgəsində seçkilər demokratik, tam şəffaf şəraitdə davam edir. SİA-nın cənub büosunun məlumatına görə, 72 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasına daxil olan məntəqələrdə yüksək aktivlik müşahidə olunub. Belə ki, burada 83 məntəqədə 35689 seçici qeydiyyata alınıb. Dairədə 4 nəfərdən ibarət ATƏT-in müşahidə missiyası səsvermə prosesini izləyib. Dairəyə daxil olan 10 məntəqədə ekzit-pol keçirilir.

DSK sədri Qabil Canəliyevin sözlərinə görə, seçki prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb. 70 saylı Masallı şəhər DSK-dan verilən məlumata görə, 8 məntəqədə veb-kameralar quraşdırılıb. Seçkiləri izləmək üçün 556 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Həmçinin 4 nəfər ATƏT müşahidəçisi də seçkiləri izləyib. Onlar da səsvermədə heç bir qanun pozuntusuna rast gəlmədiklərini qeyd ediblər.

71 saylı Masallı kənd DSK-da da səsverməni ATƏT nümayəndələri ilə yanaşı, MDB-dən olan müşahidəçilər də izləyiblər. Burada da heç bir qanun pozuntusu qeydə alınmayıb. Saat 15:00 olan məlumata görə, 72 saylı Yardımlı-Masallı DSK-da 36,32 faiz, 70 saylı Masallı DSK-da 39,2 faiz , 71 saylı Masallı kən DSK-da isə 32,7 faiz seçici öz səsvermə hüququndan istifadə edib.

Hal-hazırda seçkilər davam edir. Bu saata kimi hər hansı bir neqativ hal barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, saat 15.00-a olan məlumata görə, cənub bölgəsində ən yüksək seçki fəallığı 45,8 faizlə 78 saylı Lerik, ən aşağı göstərici isə 27,5 faiz olmaqla 74 saylı Lənkəran kənd DSK-da qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə