ATƏT DTİHB-nin açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı

ATƏT DTİHB-nin açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı

Bəlli olduğu kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), Avropa PA-nın və AŞPA-nın seçki müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb. Təəssüf ki, yenə də bu qurum öz ampulasından çıxış edərək heç bir həqiqətə sığışmayan, eləcə də siyasi mədəniyyətdən kənar və ürəkbulandırıcı məqamları gündəmə gətirib. Daha dəqiq desək, diqqət çəkəcək və sual doğuracaq məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanda keçirilən prezident seçkilərini 60 minə qədər müşahidəçi, o cümlədən, yüzlərlə beynəlxalq müşahidəçinin izlədiyi halda, bir neçə qurumun verilən müsbət rəylərə qarşı məntiqsiz və əsassız “rəy” verməsi onların qeyri-ciddiliyindən xəbər verir.

Yeri gəlmişkən, onu da xatırlada bilərik ki, ATƏT DTİHB başda olmaqla, onun yan-yörəsində “rəy” vermiş qurumların Azərbaycanda keçirilən seçkilərlə bağlı bağlı qərəzli hesabat yaymaları birinci hal deyil. Lakin görünən tərəf budur ki, bu qurumun irad tutduqları “nöqsanlar” konkret faktlara deyil, anti-Azərbaycan xarakterli dairələrin bəyanatlarına əsaslanır. Misal üçün, ATƏT DTİHB hələ 2013-cü ilin prezident seçkisi ərəfəsində 1 nömrəli aralıq hesabat yaymışdı və həmin hesabatda seçkilərə hazırlığın gedişatına dair bir sıra qərəzli fikirlər səsləndirilmişdi. Bu dəfə də bənzər hal yaşandı və qurum açıq-aşkar ermənipərəstlik, yaxud, anti-Azərbaycan xarakterli mövqeyini ortaya çıxarmış oldu. Səbəb isə aprelin 11-də Azərbaycanda demokratik seçkilərin və şəffaflığın təmin olunması, eləcə də seçicilərə, müşahidəçilərə, o cümlədən yerli və xarici KİV-lərə bütün şəraitin yaradılmasıdır.

Bu arada Azərbaycanın tanınmış siyasi-ictimai xadimləri, millət vəkilləri və s. tanınmış simalar ATƏT DTİHB-nin qərəzli və şər xarakterli “rəyinə” münasibətlərini bildiriblər.

Çingiz Qənizadə: “Bütün bunların arxasında nələrin durduğu bizi düşünməyə vadar edir”

Millət vəkili Çingiz Qənizadəyə görə də, ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatı Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. “Çünki ikili standartlara əsaslanan bu hesabat xalqımızın siyasi iradəsinə hörmətsizlikdir”-deyə qeyd edən deputata görə, hətta bir çoxları adıçəkilən təşkilatların bu qədər riyakarlıq göstərəcəyinə inanmırdılar. SİTAT: “Biz adları çəkilən təşkilatlardan bu dərəcədə riyakarlıq gözləmirdik. Dünyanın hər bir ölkəsində keçirilən seçkilərdə çox cüzi də olsa çatışmazlıqlar ola bilər. Lakin həmin çatışmazlıqların seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcəyini bilə-bilə bunu bu qədər şişirtmək yanlışdır. Bütün bunların arxasında nələrin durduğu bizi düşünməyə vadar edir”.

Deputat həmçinin bildirib ki, ATƏT-in açıqlaması əvvəlcədən hazırlanmış bir layihə idi və onlar sadəcə hazır kağızı oxumağa başladılar: “Mən dərhal söhbətin heç də Azərbaycanda keçirilən seçkilərdən deyil, başqa məsələlərdən getdiyinin fərqinə vardım. Azərbaycanın Dağlıq Qarabağ kimi böyük bir problemi var və ATƏT-in Minsk qrupu bu məsələni nizamlamağa çalışır. Belə bir vəziyyətdə bu problemi görməzdən gəlib ermənilərin yanında olmaq, seçkilərdən də təzyiq vasitəsi kimi istifadə edərək Azərbaycanı nüfuzdan salmağa çalışmaq və bu məqsədlə qərəzli açıqlama yaymaq yolverilməzdir. Hesab edirəm ki, bu cür açıqlamaların aprelin 11-də keçirilmiş prezident seçkilərinə heç bir təsiri ola bilməz. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır, Azərbaycan xalqı öz seçimini etdi. Biz seçki məntəqələrində insanların kütləvi şəkildə gələrək səs vermələrinin şahidi olduq. Seçkilərdən əvvəl gedən proseslərdə də obyektiv, ədalətli bir mühitin yaradılmasının şahidi olmuşduq, bunları danmaq mümkün deyil. Mən ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının dünənki qərəzli hesabatını kəskin şəkildə pisləyirəm”.

Elçin Mirzəbəyli: “ATƏT DTİHB-nin müşahidə missiyası üzvlərinin davranışları və qərəzli hesabatı isə ikrah doğurur”

Politoloq, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli sözügedən məsələ ilə bağlı qeyd edib ki, o adıçəkilən Avropa qurumlarının aprelin 11-də Azərbaycanda keçirilən seçkilərlə bağlı hesabatının qərəzli olacağı əvvəlcədən ehtimal edilirdi. “Adıçəkilən qurumlar hələ seçkilərə müşahidə missiyası göndərəcəyini bəyan edəndə bu barədə fikirlərimi bildirmişdim”-deyə qeyd edən politoloq qeyd edib ki, o, seçki prosesi müddətində müşahidə missiyasının rəhbərliyi, əlaqələndiriciləri və üzvləri ilə görüşlərdə də qərəzli yanaşmanı hiss edib. SİTAT: “Belə ki, müşahidə missiyalarının fəaliyyəti seçki prosesini izləmək, prosesə təxribat xarakterli müdaxilələr etmədən tərəfsiz şəkildə dəyərləndirməkdən ibarət olduğu halda, ATƏT DTİHB-nin müşahidə missiyasının üzvləri seçki prosesinə birbaşa aidiyyəti olmayan məqamlarla maraqlanırdılar. Onlar seçici imzalarının toplanması prosesinə maneə yaradılıb-yaradılmamasından daha çox namizədlərin seçici imzalarını hansı mexanizm və resurslardan istifadə edərək toplamaları ilə maraqlanırdılar. Halbuki seçici imzalarının necə, hansı siyasi texnologiya və mexanizmlərdən istifadə edilməklə toplanılması birbaşa siyasi partiyaların seçki qərargahlarının səlahiyyətinə aid olan və sırf texniki xarakter daşıyan bir məsələ idi. Əslində müşahidə missiyası prosesin Seçki Məcəlləsinin tələblərinə nə dərəcədə cavab verməsi məsələləri ilə bağlı çıxış etməli idi. Amma onlar namizədlərin və onların səlahiyyətli nümayəndələrinin seçki texnologiyaları barədə biliklərini “yoxlamaqla” bütövlükdə prosesi gözdən salmağa çalışırdılar.

Elçin Mirzəbəyli bir neçə faktı da bölüşərək deyib ki, ATƏT DTİHB-nin müşahidəçiləri namizədlərin səlahiyyətli nümayəndələrinə açıq təxribat xarakterli suallar ünvanlayırdılar. Bu suallardan biri də belə idi: Sizcə hakimiyyət inzibati resurslardan istifadə etməklə seçicilərə necə təsir göstərir? Göründüyü kimi sual açıq təxribat xarakteri daşıyır və müşahidə missiyası təmsilçisinin tərəfsiz olmadığını göstərir. Əgər sual “hakimiyyət inzibati resurslardan istifadə etməklə seçicilərə təsir göstərirmi” formasında qoyulsaydı, o zaman sualın seçki prosesi haqqında ətraflı və dəqiq məlumat toplamaq niyyəti ilə verildiyini söyləmək olardı”.

Baş redaktor seçki prosesi müddətində dəfələrlə ATƏT DTİHB-nin müşahidəçilərinin saysız-hesabsız təxribat xarakterli sualları ilə qarşılaşdığını deyib və başqa bir faktı da diqqətə çatdırıb. Belə ki, missiya üzvləri prezidentliyə namizədlərin görüşünə gələn seçicilərin kimliyi ilə maraqlanırdılar: “Müşahidəçilər kənardan prosesi izləmək əvəzinə görüşlərin keçirildiyi ərazidə, insanlar arasında var-gəl edir, xüsusi səsyazma cihazı ilə həm prezidentliyə namizədlərin çıxışlarını, həm də onlarla görüşə gələn insanların öz aralarındakı söhbətlərini yazırdılar. Əslində bu müşahidə missiyasının öz səlahiyyətlərindən nə qədər kənara çıxdığını, hətta kobud qanun pozuntularına yol verdiyini nümayiş etdirir. Müşahidə missiyasının prezidentliyə namizədlərin görüşlərində iştirakının yeganə məqsədi onlara bərabər şəraitin yaradılıb- yaradılmamasını müəyyənləşdirməkdən ibarət olmalı idi. Amma onların davranışlarında bu məqsəddən başqa hər şey nəzərə çarpırdı. Bu faktları sadalamaqda məqsədim ATƏT DTİHB-nin müşahidəçilərinin Azərbaycana gəlməmişdən əvvəl seçki prosesinə qara yaxmaq üçün yaxşıca təlimatlandırıldıqlarını diqqətə çatdırmaqdan ibarətdir. Bu baxımdan, hesabatdakı həddindən artıq qərəzli məqamlarla tanış olanda heç də təəccüblənmədim. Çünki proses ərzində onların təxribat xarakterli suallarına verilən arqumentli cavabların necə qəzəblə qarşılandığını görmüşdüm”.

Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycanda seçkiləri çoxsaylı beynəlxalq müşahidə missiyaları izləyib və prosesə obyektiv qiymət veriblər. ATƏT DTİHB-nin müşahidə missiyası üzvlərinin davranışları və qərəzli hesabatı isə ikrah doğurur.

Millət vəkili Sahib Alıyev: “Özlərindən təklikdə rəy öyrəndikdə məntəqələrdəykən hər şeyin normal olduğu deyib, bir gün sonra isə bəlli çevrələrin tərtib etdiyi qərəzli, obyektivlikdən uzaq mətni oxuyub özlərini pis vəziyyətdə qoyurlar”

“Birinci dəfə deyil ki, biz həmin qurumun bu cür adekvatlıqdan uzaq və ziddiyyətli yanaşmasıyla üzləşirik”. Bu sözləri isə açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, əvvəllər görürdük ki, ATƏT-i təmsil edənlər burada bir açıqlama verir, sonradan isə müəyyən dairələrin təsirilə daha sonra həmin sözlərə uyğun olmayan bəyanatlar yayırlar: "Son iki seçkidə isə artıq bura hazır mətnlə gəlirlər. Özlərindən təklikdə rəy öyrəndikdə məntəqələrdəykən hər şeyin normal olduğu deyib, bir gün sonra isə bəlli çevrələrin tərtib etdiyi qərəzli, obyektivlikdən uzaq mətni oxuyub özlərini pis vəziyyətdə qoyurlar. Bizim üçün onların öncədən tərtib edilən qərəzli rəyləri yox, hər bir insanın gördüyü mənzərə önəmlidir. Mənzərə isə bundan ibarətdir ki, biz hər dəfə xalq olaraq daha üstün seçki mədəniyyəti və mütəşəkkillik sərgiləyirik ki, bu da yüksək seçici fəallığı və əhəmiyyətli sayılacaq hər hansı nöqsanın olmamasında özünü göstərir”.

Azər Həsrət: “Hamı bilir ki, onların açıqladığı fikirlər məqsədlidir və bizim üçün bir kağız parçasından artıq bir şey deyil”

Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrət isə mövzu ilə bağlı deyib ki, o, baş verənlərdən xeyli təəccüblənib. Belə ki, səsvermə günü şəxsən müşahidə aparıb və beynəlxalq xarici medianı izləyib. SİTAT: “Eyni zamanda ayrı-ayrı müşahidə missiyalarının mətbuat konfranslarında iştirak etmişəm. Yəni xaricdən gələn çoxsaylı müşahidə missiyalarının dördünün mətbuat konfransında birbaşa iştirak etmişəm. Avstraliyadan tutmuş İtaliyaya, Argentinaya qədər müxtəlif ölkələri təmsil edən müşahidə missiyaları mətbuat konfransları keçiriblər”.

Azər Həsrətin sözlərinə görə, onların hamısı birmənalı şəkildə Azərbaycanda keçirilən səsverməni yüksək dəyərləndiriblər və heç bir missiya hər hansı pozuntu haqqında məlumat vermədi: “Hətta Avstaliyadan, başqa-başqa ölkələrdən olan nümayəndələr Azərbaycanda tətbiq olunan texnologiyaları öyrənib öz ölkələrində tətbiq etməyin zərurətindən danışırdılar. Yəni o adamlar deyirdilər ki, burada elə bir şərait yaradılıb ki, insanlar sakit və rahat bir şəkildə gəlib səs verə bilirlər. Eyni zamanda mətbuatın boğulması ilə bağlı deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Çünki bu seçki kampaniyası başladığı dövrdən bu günə qədər Azərbaycanda heç bir jurnalistə qarşı hər hansı addım atılmayıb. Həbs edilən, döyülən və tutulub saxlanılan olmayıb. Ümumiyyətlə səsvermə prosesini bütvölükdə seçki prosesini izləmək istəyən heç bir jurnalistə əngəl törədilməyib. O zaman bunlar nəyə əsaslanıb deyirlər ki, mətbuatın fəaliyyətinə əngəllər törədilib. Yəni bütün bunlar qərəzdən xəbər verir və əsassızdır. Biz bunları rədd edirik”.

“Qərbyönümlü beynəlxalq təşkilatların Azərbaycana ikili standartlarla yanaşması və bundan sonra da belə olacağı məlum məsələdir”. Bunu müxbirimizə açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, bunun da kökündə bir neçə məsələ dayanır: “Birincisi ondan ibarətdir ki, biz müsəlman ölkəsiyik və müsəlman ölkəsi olmağımıza baxmayaraq bir çox qərb ölkələrdən qabaq müstəqilliyimiz və dövlətimiz olub. Həm də Avropaya insan hüququ və azadlıqların carçıları adlandırdığı ölkələrdən qabaq biz qadınların hüquq və azadlıqlarını tanımışıq və qadınlara cəmiyyətə inteqrasiya olunmaq, seçib və seçilmək hüququnu təmin etmişik.

İkincisi isə bu gün biz sabit, demokratik, güclü və müstəqil Azərbaycan respublikasını qura bilmişik. Azərbaycan dövləti və Konstitusiyası vətəndaşların hüquqlarını qoruyur və vətəndaşlarına seçib –seçilmək imkanları yaradıb. Yüksək standartlara uyğun seçki institutu formalaşdırmışıq. Hətta qeyd etmək istəyirəm ki, Azərbaycandakı şəffaf və azad seçki heç ATƏT DTİHB, ATƏT PA, AŞPA kimi qurumlarını təmsil edən ölkələrdə belə yoxdur. Bizə qarşı qısqanclığın təməlində də bunlar dayanır. Onlar fikirləşirlər ki, necə ola bilər ki, müsəlman ölkəsi olan Azərbaycanda hər şey Avropadan yaxşı təşkil olunur. Qərb öyrəşib ki, müsəlman ölkələrində qeyri-stabillik olsun, müharibələr yaşansın və ölkəmizin milli sərvətlərini ərəb ölkələrində olduğu kimi talanıb aparılsın. Azərbaycana gələndə isə görürlər ki, burada xalq dövlət siyasətini dəstəkləyir, öz liderin yanında birləşib, ağılı –savadı yerindədir və yad ünsürlərin ölkəmizə gəlməsinə imkan vermir, demokratik seçki keçirir və dövlət də xalqın fikirinə hörmətlə yanaşır. Ona görə də qeyd etdiyiniz təşkilatlar müəyyən dairələrdən sifarişlər alır, seçki azad-şəffaf keçirməyimizə baxmayaraq müşahidələri əsasında fikir formalaşdırmır və gələndə özləri ilə gətirilmiş hazır şablon bəyanatla çıxış edir. Onlar bir dəfəlik bilməlidirlər və bundan sonra da biləcəklər ki, onların açıqladığı sərsəm rəy xalqımızın fikrini dəyişmir. Hamı bilir ki, onların açıqladığı fikirlər məqsədlidir və bizim üçün bir kağız parçasından artıq bir şey deyil.

Azərbaycan dövləti üçün əsas xalqın seçimidir. Biz seçkini kimlərinsə xoşuna gəlmək üçün keçirməmişik. Biz seçkini keçirmişik ki, xalqın seçimini öyrənək. Xalqımız da ağıllı və gələcəyi görən xalqdır və ona görə də səslərini Azərbaycanın möhkəm gələcəyinə verdilər. Seçkilər haqqında qısqanclıqla şablon fikirlər söyləyənlər də görüblər ki, onların fikirləri Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, gələcək seçkilərdə onlar bundan nəticə çıxardarlar və reallığı qiymətləndirməklə düzgün mövre tutmağı öyrənərlər”.

Beləliklə, verilən açıqlamalardan bə münasibətlərdən də açıq-aydın görünür ki, bu ATƏT DTİHB, ATƏT PA və AŞPA kimi qurumların məlum addımları birbaşa müstəqil, azad, demokratik və bütün sahələrdə inkişaf yolunu tutmuş Azərbaycan dövlətinə qarşı hesablanmış mənfur planın tərkib hissəsidir. Əlbəttə ki, bu ölkənin ən sadə vətəndaşından tutmuş tanınmış simalarına qədər hər kəs bənzər niyyətli çirkinliklərə qarşı öz sərt sözlərini deməkdə davam edəcək. Necə deyərlər, faktlar göz qarşısındadır...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə