Deputat: “Onların açıqladığı sərsəm rəy xalqımızın fikrini dəyişmir” ŞƏRH

Deputat: “Onların açıqladığı sərsəm rəy xalqımızın fikrini dəyişmir” ŞƏRH

“Qərbyönümlü beynəlxalq təşkilatların Azərbaycana ikili standartlarla yanaşması və bundan sonra da belə olacağı məlum məsələdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, bunun da kökündə bir neçə məsələ dayanır: “Birincisi ondan ibarətdir ki, biz müsəlman ölkəsiyik və müsəlman ölkəsi olmağımıza baxmayaraq bir çox qərb ölkələrdən qabaq müstəqilliyimiz və dövlətimiz olub. Həm də Avropaya insan hüququ və azadlıqların carçıları adlandırdığı ölkələrdən qabaq biz qadınların hüquq və azadlıqlarını tanımışıq və qadınlara cəmiyyətə inteqrasiya olunmaq, seçib və seçilmək hüququnu təmin etmişik.

İkincisi isə bu gün biz sabit, demokratik, güclü və müstəqil Azərbaycan respublikasını qura bilmişik. Azərbaycan dövləti və Konstitusiyası vətəndaşların hüquqlarını qoruyur və vətəndaşlarına seçib –seçilmək imkanları yaradıb. Yüksək standartlara uyğun seçki institutu formalaşdırmışıq. Hətta qeyd etmək istəyirəm ki, Azərbaycandakı şəffaf və azad seçki heç ATƏT DTİHB, ATƏT PA, AŞPA kimi qurumlarını təmsil edən ölkələrdə belə yoxdur. Bizə qarşı qısqanclığın təməlində də bunlar dayanır. Onlar fikirləşirlər ki, necə ola bilər ki, müsəlman ölkəsi olan Azərbaycanda hər şey Avropadan yaxşı təşkil olunur. Qərb öyrəşib ki, müsəlman ölkələrində qeyri-stabillik olsun, müharibələr yaşansın və ölkəmizin milli sərvətlərini ərəb ölkələrində olduğu kimi talanıb aparılsın. Azərbaycana gələndə isə görürlər ki, burada xalq dövlət siyasətini dəstəkləyir, öz liderin yanında birləşib, ağılı –savadı yerindədir və yad ünsürlərin ölkəmizə gəlməsinə imkan vermir, demokratik seçki keçirir və dövlət də xalqın fikirinə hörmətlə yanaşır. Ona görə də qeyd etdiyiniz təşkilatlar müəyyən dairələrdən sifarişlər alır, seçki azad-şəffaf keçirməyimizə baxmayaraq müşahidələri əsasında fikir formalaşdırmır və gələndə özləri ilə gətirilmiş hazır şablon bəyanatla çıxış edir. Onlar bir dəfəlik bilməlidirlər və bundan sonra da biləcəklər ki, onların açıqladığı sərsəm rəy xalqımızın fikrini dəyişmir. Hamı bilir ki, onların açıqladığı fikirlər məqsədlidir və bizim üçün bir kağız parçasından artıq bir şey deyil.

Azərbaycan dövləti üçün əsas xalqın seçimidir. Biz seçkini kimlərinsə xoşuna gəlmək üçün keçirməmişik. Biz seçkini keçirmişik ki, xalqın seçimini öyrənək. Xalqımız da ağıllı və gələcəyi görən xalqdır və ona görə də səslərini Azərbaycanın möhkəm gələcəyinə verdilər. Seçkilər haqqında qısqanclıqla şablon fikirlər söyləyənlər də görüblər ki, onların fikirləri Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, gələcək seçkilərdə onlar bundan nəticə çıxardarlar və reallığı qiymətləndirməklə düzgün mövre tutmağı öyrənərlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə