MSK sədri: “Azərbaycandakı seçici siyahıları nümunə göstərilə biləcək bir sənəddir”
Bu gün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, MSK sədri bu ilin yanvar ayından etibarən parlament seçkilərinə qeyri-rəsmi şəkildə start verildiyini bildirib.
Azərbaycanda 4 milyon 950 min nəfərə yaxın seçicinin olduğunu deyən M.Pənahov bildirib ki, MSK-nın rəsmi saytında seçicilər üçün bir çox vacib məlumatlar, o cümlədən iri şəhərlərdə seçki məntəqələrinə necə getmək lazım olduğu ilə bağlı məlumatlar yerləşdirilib. Milli Məclisə seçkilərin 125 seçki dairəsinin 5314 seçki məntəqəsində keçiriləcəyini dilə gətirən MSK sədri 690 namizədin adının seçki bülletenlərinə daxil edildiyini qeyd edib: "1412 nəfər sənədlərini seçki dairələrinə təqdim edərək imza vərəqələrini götürüb. Onlardan 1043-ü imza vərəqələrini geri qaytarıb. İlk olaraq 743 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 35 nəfərin namizədliyini MSK, 9-nun namizədliyini isə Ali və Bakı Apellyasiya Məhkəmələri qeydə alıb. Sonradan isə həmin namizədlərdən 53-ü öz ərizəsi ilə namizədliyini geri götürüb. Beləliklə seçki bülletenlərinə salınan namizədlərin sayı 690 olub. Ən çox namizəd olan dairədə 14, ən az namizəd olan dairədə 4 nəfər deputatlıq uğrunda mübarizə aparacaq. Bu isə seçicilər üçün kifayət qədər geniş seçim imkanı verir. Seçkilərdə 5 siyasi partiyalar bloku və 10 partiya iştirak edir. Yeni Azərbaycan Partiyasının 107, müxalifət partiyalarının isə 140 namizədi var. Həmin 140 namizəd ən radikal 8-9 müxalifət partiyasının namizədləridir".
MSK sədri seçki məntəqələrinin 556-nın Ermənistan tərəfindən işğal olunmuş rayonlara aid olduğunu bildirib. O, həmin məntəqələrinin bütün respublika ərazisinə yayıldığını və bu seçki məntəqələrdə seçkilər keçirməyin daha çətin olduğunu qeyd edib.
Azərbaycanda hazırlanan seçici siyahılarının çox mükəmməl olduğunu söyləyən M.Pənahov seçki məntəqələrində əlavə seçici siyahılarının da hazırlandığını diqqətə çatdırıb: "Bu ili yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsinə başlamışıq və may ayının axırlarında seçici siyahıları bir sənəd kimi ortaya çıxarılıb. Bununla belə hər bir seçki məntəqəsində əlavə seçici siyahıları var və adını seçici siyahısında tapa bilməyən hər bir seçici seçki günü adını oraya sala bilər. Bu seçki məntəqəsi üzvlərinin də borcudur. Azərbaycandakı seçici siyahıları nümunə göstərilə biləcək bir sənəddir".
M. Pənahov ilin əvvəlindən başlayaraq müxtəlif formalı maaarifləndirmə tədbirlərinin keçirildiyini bildirib: "Aşağı dairə seçki komissiyaları, eyni zamanda müxtəlif dövlət orqanları, o cümlədən seçkilərdə asayişi təmin edəcək polislər üçün treninqlər, seminarlar təşkil olunub. Bu tədbirlər beynəlxalq təşkilatların və müvafiq dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə təşkil olunub. Ümidvaram ki, icra strukturu nümayəndələri və polis onların səlahiyyətində olmayan, qanuna uyğun gəlməyən bir addım belə atmayacaqlar və atmamalıdır. Hansısa pozuntularla bağlı məlumat olan halda birbaşa mənə məlumat verə bilərsiniz".
Seçkiləri izləmək üçün 1029 beynəlxalq müşahidəçinin qeydə alındığını söyləyən MSK sədri 47 minə yaxın yerli müşahidəçinin qeydə alındığını diqqətə çatdırıb: "Yerli müşahidəçilərinin təxminən iyirmi mini siyasi partiyalar və QHT-lər tərəfindən irəli sürülüb, qalanı isə fərdi qaydada müraciət edib. MSK tərəfindən qeydə alınan beynəlxalq müşahidəçilər 21 beynəlxalq qurumu təmsil edir. Ən çox müşahidəçi ilə təmsil olunan təşkilat isə Müstəqil Dövlətlər Birliyidir ki, təşkilat 352 müşahidəçisi ilə seçkiləri izləyəcək. Sonrakı yerləri isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Avropa Seçki Müşahidə Akademiyası tutur. Bundan əlavə seçkiləri Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa İttifaqının Bakı nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, GUAM, həmçinin ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Finlandiya və Belçika səfirlikləri, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası və "Vestnik Kafkaza" analitik informasiya agentliyi izləyəcək. Beynəlxalq müşahidəçilər 48 ölkəni təmsil edir ki, bu da Azərbaycanda keçiriləcək seçkilərin kifayət qədər maraq doğurduğunu göstərir".
Seçkiləri izləmək üçün yerli kütləvi informasiya vasitələrinin tam sərbəst olduğunu dilə gətirən M. Pənahov 18 xarici KİV-in MSK-da qeydə alındığını vurğulayıb. Xarici KİV-ləri ümumilikdə 43 nümayəndənin təmsil etdiyini deyən MSK sədri BBC, "Əl-Cəzirə", TRT televiziyaları, "Reuters", "Associated Press", "France Presse", EPA, "Anadolu", "İhlas", "Doğan", "Sinhua", İTAR-TASS xəbər agentlikləri, Gürcüstan İctimai Televiziyası, İran TV, "Oqonyok" jurnalı kimi dünyanın nüfuzlu KİV-lərin seçkiləri işıqlandıracağını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB