Azərbaycanda prezident seçkilərinə start verildi

Azərbaycanda prezident seçkilərinə start verildi

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə başlayıb. SİA-nın verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını deyib. O, seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü bildirib.

Sonra MSK sədri səsvermənin başlandığını elan edib.

Dövlət himninin səslənməsi ilə səsverməyə start verilib.

Seçkilərdə 8 namizəd iştirak edir.

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev, "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi MSK-da qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil edirlər. Seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçiriləcək. Səkkiz namizədin iştirak edəcəyi seçkiləri 51 xarici KİV-in 118 təmsilçisi işıqlandıracaq.

4 təşkilat seçkilərdə “exit-poll” keçirəcək. Onların arasında ABŞ və Fransadan bu sahə üzrə peşəkarlar da var.

Xatırladaq ki, bu gün səhər saat 8:00-da məntəqələr açıq elan olunun. Gün ərzində səsvermənin gedişi ilə bağlı 5 dəfə açıqlama veriləcək. Min seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir. Bu təcrübə 2008-ci ildən tətbiq olunur. Bu veb-kameralar vasitəsilə bütün seçki prosesi onlayn rejimdə nümayiş etdiriləcək. Dünyanın istənilən yerindən MSK-nın saytına daxil olub heç bir məhdudiyyət olmadan seçki prosesini izləmək mümkündür.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə