Rəsmi Yerevan niyə narahatdır? POLİTOLOQ TƏHLİLİ

Rəsmi Yerevan niyə narahatdır? POLİTOLOQ TƏHLİLİ

Mübariz Əhmədoğlu: “Dünya erməniliyi Azərbaycanda itirəcəyini Gürcüstanda qazanmaq istəyir”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu dünya erməniliyinin ifşası ilə bağlı maraqdoğurucu təhlil aparıb və qeyd edib ki, ABŞ-ın ermənipərəst konqresmenləri Gürcüstanda erməni separatizmini gücləndirmək yolundadırlar.

Cavaxetiya regionu ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ eyni statuslu görünür

Belə ki, illərdir erməni lobbisinin təsiri altında olan ermənipərəst konqresmenlər Gürcüstanın Cavaxetiya bölgəsini işğal altında olan Dağlq Qarabağla eyni statusda görürlər və bu istiqamətdə iş aparırlar. “ABŞ konqresmenləri üçün Gürcüstanın Cavaxetiya regionu ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ eyni statuslu görünür”-deyə qeyd edən M.Əhmədoğlu ABŞ konqresmenlərinin belə yanaşmasının yeni olmadığını da diqqətə çatdırıb: “Cavaxetiya mövzusunda verdiyi dəstək bəyanatlarının mahiyyətini konqresmenlərin başa düşməməsi inandırıcı deyil”.

Beləliklə, politoloq iki məsələyə diqqət çəkib:

1. Gürcüstan ABŞ konqresmenləri arasında izahat işi aparmır.

2. Erməni siyasətçilərinin ABŞ konqresmenlərindən Cavaxetiya ilə Dağlıq Qarabağı bərabərləşdirməsini tələb etməsi faktdır. Amma rəsmi Tbilisi bunu da görməzliyə vurur.

Digər tərəfdən, M.Əhmədoğlu Gürcüstanın bu mövzuya diqqət verməməsinin təəccüblü olduğunu deyib: “Gürcüstan ritorikada deyil, ciddi şəkildə ərazi bütövlüyü prinsipini dəstəkləsə Azərbaycan da daxil olmaqla tərəfdaşlarının sayı bu məsələdə artacaq”.

Rəsmi Tbilisi Dağlıq Qarabağın işğalı faktını açıq şəkildə bəyan edərsə...

Politoloq hesab edir ki, bu kimi məsələdə Gürcüstan real təbliğat klişesindən istifadə etməli, Dağlıq Qarabağın bilavasitə Azərbaycanın tərkib hissəsi olduğunu açıq şəkildə bəyan etməlidir. Məhz bu kimi reallıq qarşısında işğalçı Ermənistan, eləcə də bu işğala dəstək göstərən ermənipərəst ABŞ konqresmenləri, həmçinin erməni lobbisinin təsirində olan digər dairələr geriyə çəkilməli olacaqlar: ““Cavaxetiya Gürcüstanın tərkib hissəsi olduğu kimi Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsidir. Cavaxetiyanı Gürcüstandan, Dağlıq Qarabağı isə Azərbaycandan ayırmaq mümkün deyil” təbliğat klişesindən istifadə etməklə ABŞ-dakı erməni kokusunu və rəsmi Yerevanı çətin vəziyyətə sala bilər”.

Erməni ictimai şüurunda Dağlıq Qarabağı itirmək hissi getdikcə güclənir

M.Əhmədoğlunun diqqət çəkdiyi daha bir məqam erməni cəmiyyətində işğal olunmuş Dağlıq Qarabağı əldə saxlaya bilməmək reallığının dərk edilməyə başlamasıdır. Bu baxımdan, “ermənilərin ictimai şüurunda Dağlıq Qarabağı itirmək hissi getdikcə güclənir”-deyə vurğulayan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru hesab edir ki, dünya erməniliyi, erməni lobbisi və bu lobbinin maddi və s. təsiri altında olan dairələr Azərbaycanda itirəcəyini Gürcüstanda qazanmaq istəyir: “Ona görə də rəsmi Yerevan ABŞ konqresindəki erməni kokusuna Cavaxetiyanı Dağlıq Qarabağla eyniləşdirmək göstərişi verib”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə