Jurnalistlər üçün yeni müsabiqə elan edilib

Jurnalistlər üçün yeni müsabiqə elan edilib

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan Rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan edib. SİA-nın KİVDF-nın saytına istinadən verdiyi məlumata görə, müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərməkdən, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.

 

Müsabiqənin mövzuları aşağıdakılardır:

1.İKT-nin mediada rolu

2.Azərbaycan telekommunikasiyasının dünəni və bu günü

3.Azərbaycan poçtunun dünəni və bu günü

4.İKT-nin cəmiyyətdə rolu

5.İnternetin həyatımızda rolu

 

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazılara bir sıra tələblər qoyulub. Həmin tələblər aşağıdakılardır:

1. Yazı elan edilmiş mövzulardan birinə uyğun olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Yazıda "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

5. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində - 12, diskdə) variantları təqdim olunmalıdır.

6. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır.

7. Yazılar şəxsən 06 noyabr 2010-cu il tarixdən 01 dekabr 2010-cu il tarixədək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim olunmalıdır.

 

Müsabiqənin qalibinə noutbook və printer, 2-ci yerə noutbook, 3-cü yerə isə 3G mobil telefonu mükafar olaraq veriləcək. Həvəsləndirici mükafat isə rəqəmsal diktafondur. Qaliblər həmçinin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və KİVDF-nın xüsusi diplomu ilə təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə