Azərbaycan ilk rabitə peykinin orbitə çıxarılması ilə bağlı Fransa şirkəti ilə müqavilə imzalayıb - FOTOSLAYD

Azərbaycan ilk rabitə peykinin orbitə çıxarılması ilə bağlı Fransa şirkəti ilə müqavilə imzalayıb - FOTOSLAYD
Bu gün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzi (BƏHM) ilə Fransanın "Arianespace" şirkəti arasında ölkəmizin ilk telekommunikasiya peykinin bu şirkətin istehsalı olan "Ariena-5ECA" raketdaşıyıcı ilə orbitə çıxarılması barədə müqavilə imzalanıb. İmzalanma mərasimində rabitə və informasiya texnolgiyaları naziri Əli Abbasov, nazir müavinləri İltimas Məmmədov, Elmir Vəlizadə, BƏHM-in rəhbəri Cəlil Cəfərov, "Arianespace" şirkətinin prezidenti Jan İv Lö Qal, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən rabitə və informasiya texnolgiyaları nazri Əli Abbasov bildirib ki, bir ildən çox müddətdir ki, tender komissiyaları bununla bağlı müzakirələr aparıb və nəticədə komissiya bu məsuliyyəti Fransa şirkətinə həvalə etməyi qərara alıb. Onun sözlərinə görə, imzalanan sənəd Azərbaycan peykinin orbitə çıxarılmasında önəmli addım olacaq. Əli Abbasov bildirib ki, iki tərəf arasında imzalanan müqavilə həmçinin Azərbaycanın kosmik sənayesinin dünya kosmik bazarına çıxışını təmin edəcək. Layihənin reallaşmasında bir neçə ölkənin iştirak etdiyini xatırladan nazir söyləyib ki, onlar arasında önəmli yeri məhz Fransa tutur. O, peykin orbitə çıxarılması ilə bağlı layihənin 2012-ci ildə müvəffəqiyyətlə yerinə yetiriləcəyinə ümid etdiyini dilə gətirib.

İmzalanma mərasiminin davamında söz alan Jan İv Lö Qal bildirib ki, bu müqavilə həm şirkət, həm də Azərbaycan üçün çox vacibdir: "Azərbaycan üçün ona görə vacibdir ki, o artıq 2 ildən sonra kosmik sahədə əhəmiyyətli yerə malik olacaq. Biz bu tərəfdaşlıqdan məmnunluq duyuruq. Peykin 2012-ci ildə orbitə çıxarılmasına çalışacağıq".

Mərasimdə Fransanın Azərbaycandakı səfiri Qabriel Keller də çıxış edıb. O, Azərbaycanın düzgün seçim etdiyini dilə gətirərək müqavilənin birgünlük deyil, uzunmüddətli və əhəmiyyətli əməkdaşlığa çevrilməsini arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə