Mərkəz sədri: “RF-ə qarşı Qərbin yeni hücum kampaniyası başladı" ŞƏRH
“ABŞ prezidenti Donald Tramp Avropa dövlətlərinin onun barmağının işarəsi ilə idarə olunduğunu öz xalqına nümayiş etdirir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, RF-ə qarşı Qərbin yeni hücum kampaniyası başladı: “Britaniya tərəfinə keçmiş Rusiya kəşfiyyatçısı Skripal qızı ilə birlikdə zəhərləndi. Londonun fikrincə, zəhər Rusiyaya məxsusdur. Bu barədə vaxtilə bu kimyəvi silahın hazırlanmasında iştirakını iddia edən milliyyətcə erməni V.Mirzəyanovun şahidliyi təsirli rol oynadı. Sonradan Rusiya Müdafiə Nazirliyinin müvafiq strukturları real vəziyyəti ortalığa qoydular. Rusiyanın Skripalı öldürmək motivasiyası var. Rusiyaya xəyanət edib. Xüsusi Xidmət Orqanları belə xəyanəti bağışlamır. Amma bunu məhz prezident seçkiləri günü ərəfəsində etməsi şübhə yaradır. Eləcə də Böyük Britaniya tərəfi Rusiyanın əməkdaşlıq təklifini birmənalı şəkildə rədd edir. Az keçmiş Böyük Britaniya baş naziri T.Mey kəskin addımlar atacağını bildirdi və müttəfiq dövlətləri dəstək verməyə çağırdı.
Onun bu çağırışı ciddi effekt yaratmadı. Çünki Ağ Ev bu məsələdə ehtiyatlı mövqe tutmuşdu. Az sonra prezident D.Trampın şəxsi mövqeyi bəlli oldu. Avropa dövlətlərinin əksəriyyəti Böyük Britaniya ilə həmrəylik nümayiş etdirərək RF diplomatlarını ölkədən çıxarmağa başladılar. D.Trampın çağırışına soyuq yanaşan bəzi dövlət başçıları ilə D.Tramp şəxsən telefonla danışdı və müraciətini daha publik şəkildə etdi. Fransa prezidenti, E.Makron, Almaniya kansleri A.Merkel, Kanadanın baş naziri C.Tryudo və Türkiyə prezidenti R.T.Ərdoğanla telefonla danışdı. NATO çərçivəsində həmrəyliyi xüsusi vurğulamaqla D.Tramp R.T.Ərdoğanı Rusiya diplomatlarını qovmağa çağırdı. Ərdoğanın imtina etdiyini başa düşmək çətin deyil. Çünki ABŞ dərhal Suriyanın Mənbic şəhərinə əlavə qüvvələr yeritməklə bağlı niyyətini açıqladı. R.T.Ərdoğan Rusiyaya qarşı heç bir addım atmayacağını bildirdi. Beləliklə, Skripal işinin arxasında D.Trampın dayandığını iddia etməyə kifayət qədər əsaslar yarandı.
Əvvəla bu çox şəxsi səbəb ola bilər. Amerikalı xanım, jurnalist Meqan Kelli RF prezidenti V.Putinlə müsahibəsindən sonra özü diqqət çəkən açıqlama verdi: Fikirləşirəm ki, çox böyük ehtimalla Putin Tramp haqqında hansısa şeyləri bilir və Tramp bu şeylər haqqında publik danışmaq istəmir. Ehtimal ki, D.Tramp bu açıqlamanın təsiri altında vəziyyəti gərginləşdirib ki, Putində Tramp əleyhinə nəsə bir şey varsa açıqlasın. İkinci səbəb daha çox ehtimallıdır. Tramp Avropa dövlətlərinin onun barmağının işarəsi ilə idarə olunduğunu öz xalqına nümayiş etdirir. ABŞ-da bəzilərinin fikrincə, Trampın apardığı siyasət ABŞ-ın ənənəvi müttəfiqlərindən məhrum edib. Tramp isə bunun belə olmadığını sübut etdi. Bu sübutun imic, siyasi və hərbi baxımdan ABŞ-a və onun mövqeyini dəstəkləyən dövlətlərə neçəyə başa gələcəyini yalnız gələcək göstərəcəkdir. Avropa dövlətləri real vəziyyətləri bildirdikləri halda ABŞ-ın dalınca getməyə məcbur oldular.
Kəşfiyyatçı Skripalın qızı Y.Skripal xəstəxanada özünə gəldi. O, RF vətəndaşı olsa da Böyük Britaniya Rusiya tərəfinin öz vətəndaşına konsul xidməti göstərməsinə imkan vermir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB