Əli Əhmədov: “Heç bir uğur qazana bilməyən insanların 40 min nəfərin deputatı olmaq iddiasına düşməsini məsuliyyətsizlik sayıram” - MÜNASİBƏT

Əli Əhmədov: “Heç bir uğur qazana bilməyən insanların 40 min nəfərin deputatı olmaq iddiasına düşməsini məsuliyyətsizlik sayıram” - MÜNASİBƏT

"Yeni Azərbaycan Partiyası namizədlərinin təşviqat kampaniyasının uğurunu təşkil edən resurslardan biri də onların şəxsi hörmətləri və nüfuzlarıdır". SİA-nın Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri partiyanın icra katibi Əli Əhmədov YAP-ın təşviqat kampaniyasını qiymətləndirirərkən deyib.

 

Partiya namizədlərinə irəli sürüldükləri seçki dairələri ərazisində göstərilən münasibətin bu adamların kifayət qədər seçilmə şansının olmasından xəbər verdiyini deyən Ə.Əhmədov bütün resurslar və amillərlə yanaşı, uğurlu təşviqat kampaniyasının seçkilər zamanı namizədlərin daha çox səs qazanmasını təmin edəcəyini bildirib. YAP-ın 7 noyabr seçkilərində qalib gəlmək şansına nə qədər olmasına gəlincə, partiyanın icra katibi bunları deyib: "Hesab edirəm ki, indi hansısa faiz haqqında danışmaq o qədər də düzgün olmazdı. Təbii ki, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri olması, ona olan ictimai dəstək parlament seçkiləri zamanı rəhbərlik etdiyi partiyaya verilən səslərdə ifadəsini tapacaq. Digər tərəfdən, bayaq dediyim kimi, təmsilçilərimizin namizədliklərini irəli sürdüyümüz dairələrdə hörmət və nüfuza malik olması da bizim üstünlüyümüzdür. Bütün bunları ümumiləşdirərək biz ümid edirik ki, 2010-cu il parlament seçkilərində YAP-ın Milli Məclisdə əldə edəcəyi yerlərin sayı 2005-ci ildə parlamentə qazandığımız yerlərin sayından çox olacaq".

 

İctimai Televiziyada ödənişsiz efir vaxtında çıxış edən namizədlərin intellektual və savad səviyyəsinə toxunan Ə.Əhmədov bildirib ki, savad, hörmət baxımından, nüfuz prizmasından yanaşıldıqda, YAP-ın irəli sürdüyü namizədlər ön sıraya qoyula bilər. O, bunun üçün çox ciddi əsasların mövcud olduğunu qeyd edib: "Həyatda heç nə etməyən, heç bir uğur qazana bilməyən insanların 40 min nəfərin deputatı olmaq iddiasına düşməsini məsuliyyətsizlik sayıram. Bu, seçicilərə qarşı hörmətsizlikdən başqa bir şey deyil. Təbii ki, belə adamların deputat seçilməsi də mümkün deyil. YAP-ın namizədləri bir yandan son 5 ildə ölkəmizdə həyata keçirilən işlərlə bağlı hesabatlarını verirlər, çünki onlar hakimiyyətdə olan partiyanın namizədləridir. Debatlar nəticəsində məlum olur ki, bizim opponentlərimizin seçki kampaniyası inkarçılıq üzərində qurulub. Xüsusilə də "AXCP-Müsavat" blokundan olan namizədlərin çıxışlarına fikir versəniz, bir şablon içərisində edilən çıxışlardan başqa bir şey görməyəcəksiniz: ancaq eyni şeylər təkrar edilir, hər şey inkar olunur, Azərbaycanda hər şeyin pis bir formada olmasının "sübutuna" çalışılır, cəhdlər göstərilir. Şantajla, yalanlar uydurmaqla insanların etimadını qazanmaq çox çətindir".

 

Bir müddət əvvəl mətbuat konfransında müxalifət namizədlərinin çoxunun işsiz olduğu, 15 il ərzində özlərinə iş tapa bilmədikləri ilə bağlı fikrinə yenidən qayıdan YAP-ın icra katibi vurğulayıb ki, bu gün cəmiyyətdə işləyənlərin əksəriyyəti özəl sahələrdə çalışsa da müxalifətçilər ötən müddət ərzində nə özlərinə iş qura biliblər, nə də kiməsə faydalı ola biləcəklərini sübut ediblər: "Belə adamların deputatlıq iddiasına düşməsini tamamilə məsuliyyətsizlik hesab edirəm. Belə insanların seçki kampaniyasına qoşulması, təəssüf hiss ilə qeyd edirəm ki, bütövlükdə bu prosesin üzərinə kölgə salır. Digər bir tərəfdən, seçki kampaniyasına əmək birjası kimi yanaşmaq olmaz. İşsiz adamın deputat seçilmək istəyi çox gülməli görünür".

Bütün xəbərlər Facebook səhifəmizdə