Elmira Süleymanova NATO-nun Qafqaz üzrə siyasi əlaqələr və təhlükəsizlik siyasəti idarəsinin əlaqələndiricisi ilə görüşüb

Elmira Süleymanova NATO-nun Qafqaz üzrə siyasi əlaqələr və təhlükəsizlik siyasəti idarəsinin əlaqələndiricisi ilə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova NATO-nun Qafqaz üzrə siyasi əlaqələr və təhlükəsizlik siyasəti idarəsinin əlaqələndiricisi Zbiqnev Ribatski ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Z.Ribatski NATO tərəfindən tərəfdaşlıq vasitəsilə təhlükəsizliyin təmin edilməsi, tərəfdaşlığa qoşulmuş ölkələrlə, o cümlədən, Azərbaycanla əlaqələrin yaradılması və fəallaşdırılması, həmçinin "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabitləri üçün müvafiq tədris proqramlarının hazırlanması və həyata keçirilməsi, beş aylıq tədris kurslarının təşkil edilməsi barədə qısa məlumat verib. Qeyd olunub ki, yüksək rütbəli zabitlər üçün tərtib olunmuş tədris proqramlarında orduya ictimai nəzarət mövzusunda da treninqlər nəzərdə tutulub və belə treninqlərin həyata keçirilməsində ombudsmanın da iştirakının zəruriliyi vurğulanıb.

Görüşdə həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODİHR) tərəfindən ingilis dilində nəşr olunmuş Silahlı Qüvvələrdə insan hüquqları və əsas azadlıqları haqqında tədris vəsaitinin Azərbaycan dilinə tərcümə olunması ilə bağlı müzakirələr aparılıb. Qonaq həmin kitabın Gürcüstanda gürcü dilinə tərcümə olunaraq yüksək səviyyədə təqdimatının keçirildiyini və müvafiq qurumlar tərəfindən tədris vəsaiti kimi istifadə olunduğunu diqqətə çatdırıb.

Ombudsman NATO nümayəndəsinə kitabın tərcüməsinə dair təklifinə görə minnətdarlığını bildirib. O, bu vəsaitin Azərbaycan dilinə tərcümə olunmasının və nəşrinin orduda insan hüquqları üzrə tədris və maarifləndirmə fəaliyyətinə faydalı ola biləcəyini qeyd edib. Kitabın əsasında qısa məzmunlu maarifləndirici vəsaitlərin hazırlanması və treninqlərdə istifadə olunması məqsədəuyğun hesab edilib. Belə tədbirlərin həyata keçirilməsinin hərbi qulluqçuların, həmçinin mülki əhalinin, o cümlədən çağırışçıların hüquqi maarifləndirilməsində əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Daha sonra ombudsman orduya ictimai nəzarət məsələsinə toxunaraq qeyd edib ki, son illər ərzində hərbi hissələrdə əsgər və zabitlərin xidmət və məişət şəraitində, onların hüquqlarının müdafiəsində çoxlu müsbət dəyişikliklər baş verib. Hərbi qulluqçuların da hüquqlarının müdafiəsinin ombudsmanın fəaliyyətində mühüm yer tutduğu diqqətə çatdırılıb.

Görüşün sonunda qonaq qəbul və fikir mübadiləsi üçün ombudsmana təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə