Ramiz Mehdiyev: “Xarici siyasətin bəzi prioritetləri ölkə daxilində gedən proseslərin məntiqi davamıdır” - AÇIQLAMA

Ramiz Mehdiyev: “Xarici siyasətin bəzi prioritetləri ölkə daxilində gedən proseslərin məntiqi davamıdır” - AÇIQLAMA

"Demokratiya yolunda sürətlə irəliləyən Azərbaycan regionda həm sabitlik, həm regional əməkdaşlığın əsas müəllifi kimi çıxış edir. Hazırda regionda gedən proseslərə nəzər salsaq görərik ki, həyata keçirilən bütün layihələr Azərbaycanın birbaşa siyasi iradəsi və siyasi dəstəyi ilə öz təsdiqini tapır". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bildirib. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq qonşu dövlətlərin ümumi tərəqqidən bəhrələnməsinə imkan verir: "Rasional seçim münaqişəli vəziyyətə məxsus mənfilikləri nəzərə alaraq dostluq və sülh şəraitində Azərbaycanla birlikdə regional əməkdaşlıqda iştirakı zəruri edir. Belə bir xüsusi mövqeyə malik olan Azərbaycanın əsas məqsədi universal bəşəri dəyərlər əsasında regionla təhlükəsizlik arxitekturasının qurulmasına və insan amilinin dövlət siyasətinin əsas predmetinə çevrilməsində öz töhvəsini verməkdədir. Təsadüfi deyildir ki, bütün bu amillər BMT-nin insan inkişafı göstəricisində öz əksini tapıb və Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirəcək. İnsanın demokratik bir mühitdə hərtərəfli inkişafı siyasi fəaliyyətinin əsas hədəfi olmalıdır".

 

Hazırda Prezident Administrasiyasının BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə birlikdə "Azərbaycan 2050" proqramının hazırlanması işinin başlanmasını müzakirə etdiyini deyən PA rəhbəri qeyd edib ki, Azərbaycan dövlətinin rəhbər tutduğu siyasi strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirməsi və onların müasir dünyaya inteqrasiyasına təmin etməyə imkan verir: "Əlbəttə belə bir mühitin yaradılması hərtərəfli islahatların həyata keçirilməsi ilk növbədə ölkə daxilində münbit şərtlərin mövcudluğunu zəruri edir. Müasir dövrdə daxili və xarici proseslər bir-biri ilə sıx əlaqədardır. Xarici siyasətin bəzi prioritetləri ölkə daxilində gedən proseslərin məntiqi davamıdır. Biz bunu hazırda Azərbaycanın Avro-Atlantik məkanın inteqrasiya siyasətində daha aydın hiss edirik. Bu Azərbaycan xalqının seçimi və əzmidir. Bəşər övladının paylaşdığı demokratik dəyərlər uzun müddət totalitar rejimdə yaşayan gənc Azərbaycan Respublikası üçün əsas istinad mənbəyidir. Beynəlxalq təşkilatlarda Azərbaycanın aktiv fəaliyyəti mədəni və siyasi təbiətinin xüsusi ilə insan amilinə verdiyi qiymətin bariz nümunəsidir. ATƏT, AŞPA tərəfindən irəli sürülən insan təhlükəsizliyi, demokratik təhlükəsizliyi, operativ təhlükəsizlik bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bu konsepsiyaların əsas qayəsi insan maraqlarının qəbul edilməsidir. Dövlət bunun üçün bir vasitə kimi çıxış edir. Bu konsepsiyaların mahiyyəti ondan ibarətdir ki, insanları təhlükəsiz, heç bir zorakılığın mövcud olmadığı şəraitdə fəaliyyət göstərməsi təmin edilsin".

 

Eyni zamanda R.Mehdiyev müasir dövrdə təhlükəsizlik anlayışının fundamental dəyişikliyə uğradığını, fərdin təhlükəsizliyinin təmin edilməsi, onun qorunması həm dövlət, həm də beynəlxalq cəmiyyət üçün mühüm xarakter kəsb etdiyini bildirib. PA rəhbəri həmçinin son zamanlar Azərbaycanın əldə etdiyi uğurlardan danışıb: "Fərdin öz potensialının inkişaf etdirməsi, eyni zamanda iqtisadi tərəqqi mühitində bərabər şəraitin təmin edilməsi ilə birbaşa bağlıdır. Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar yerli iqtisadi münasibətlərin formalaşması və ölkə iqtisadiyyatının möhkəm özüllər üzərində qurulması, bu istiqamətlərin yeni perspektivləri üçün zəmin yaradır. Son illər Azərbaycanda müşahidə olunan iqtisadi artım insanların seçim imkanını, potensialını genişləndirməyə imkan verən əsas vasitələrdən birinə çevrilib. Beynəlxalq maliyyə böhranından əvvəl Ümumi Daxili Məhsulun artım tempi 30 faiz civarında dəyişirdi. Bu dünyada ən yüksək göstəricilərdən biridir. 2008-ci ildə böhranın dərinləşməsinə baxmayaraq prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanı böhranın mənfi təsirlərindən qorudu. Ümumi Daxili Məhsul 10.8 faiz artaraq 40 mlrd ABŞ dolları təşkil edib. 2009-cu ildə isə ümumi daxili məhsul 9.3 faiz artıb, orta illik inflyasiya 1.5 faizi keçməyib. 2010-cu ilin birinci yarısında inflyasiya 4.9 faizi təşkil edib, əhalinin gəlirləri 11 faiz artıb. İqtisadi fəaliyyətin canlanması dövlətin maliyyə vasitələrinin artmasını sürətlədirib. Bu gün Azərbaycanın dövlət büdcəsi 15 milyard dollar təşkil edir. Strateji valyuta ehtiyatları 28 milyard dollardır. Neft hasilatından əldə edilən gəlirlər isə dövlət neft fonduna yığılır və bu fond şəffaf fəaliyyəti ilə BMT-nin xüsusi mükafatına layiq görülüb. İqtisadiyyatın sürətli tərəqqisi, yeni iqtisadi münasibətlərin formalaşması kontekstində ölkədə sosial ədalətin bərqərar olunmasına xüsusi diqqət ayrılır".

 

R. Mehdiyev qeyd edib ki, ölkə iqtisadiyyatının güclənməsi bir tərəfdən işsizlik probleminin aradan qaldırılmasına, digər tərəfdən isə yoxsulluğun səviyyəsinin aşağı salınmasına kömək edib: "İqtisadi fəaliyyətin artım tempinə uyğun olaraq yeni işçi qüvvələrinə təlabat yaranıb. Son illərdə 900 min yeni iş yeri açılıb, onların 600-ü daimi iş yeridir. Ölkədə əlverişli biznes mühitinin olması bazar iqtisadiyyatının sütununu təşkil edən orta sinif formalaşmasını təmin edib. Eyni zamanda bu sahibkarlığın fəaliyyətinə dövlət dəstəyinin uğurlarından qaynaqlanıb. Yoxsulluğun səviyyəsi 2005-ci ildə 29.3 faizdən 2009-cu ildə 11 faizə düşüb. Yoxsulluq geniş anlamda həm insanların maddi vəziyyətindəki çətinliklərini, həm də onların normal həyat üçün zəruri olan şərtlərdən məhrumluğunun ifadəsidir. Bu baxımdan yoxsulluq insanın inkişafı hətta demokratiyanın tərəqqisi üçündə ciddi maneədir. Maddi rifahın yaxşılaşması insanların öz hüquq və azadlıqlarından ən yüksək səviyyədə bəhrələnməyə imkan verir. Azərbaycanda qısa müddət ərzində əldə edilən uğurlar əhalinin rifah halının yaxşılaşdırılmasında öz əksini tapması demokratik dəyərlərin bərqərar olmasının şərtləndirən amilə çevrilib. Vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması hökümətin əsas fəaliyyət prioritetlərini təşkil edir. Liberal demokratiyanın daha sağlam və möhkəm özül üzərində təşəkkülünü şərtləndirir. Bu gün Azərbaycanda bazar iqtisadiyyatı bəşəri prinsiplər əsasında təmin edilir. Bazar hər bir vətəndaşın ümumi sərvətləridən bəhrələnməsinə, cəmiyyətdə gedən proseslərin inteqrasiyasına fərdin kreativliyinin güclənməsinə xidmət etməlidir. Dövlət isə insanlar üçün müdafiəçi rolunu oynamalı və onların hüquq və azadlıqlarının təminatçısına çevrilməlidir. Budu bizim amalımız. Azərbaycanın qısa müddət ərzində keçdiyi demokratiya yolu, ölkə daxilində milli həmrəyliyinin və sabitliyin təmin edilməsi nəticəsində mümkün olub. Siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması, vətəndaşların fərdi məsuliyyətini dərk etmələrinə, onların sosial-siyasi proseslərdə fəal iştirakına rəvac verib".

 

Qarşıdan gələn parlament seçkilərinə toxunan PA rəhbəri deyib ki, hökümət bütün namizədlərin bərabər şərtlər çərçivəsində mübarizə aparmasını təmin etmək üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirib: "Biz yeni parlament seçkiləri ərəfəsindəyik. Təbliğat təşviqat kampaniyası başa çatmaq üzrədir. Bir neçə gündən sonra Azərbaycan vətəndaşları seçki qutuları önündə millət vəkillərini seçəcəklər. Azərbaycanda fəaliyyət göstərən bütün siyası qüvvələr bu seçkilərdə iştirak edir. Hakimiyyət olaraq isə biz öz üzərimizə düşən öhdəliyi yerinə yetiririk. Bütün namizədlərin bərabər şərtlər çərçivəsində mübarizə aparması təmin edilir. Vətəndaşların iradələrini seçki bülletenlərində öz əksini tapması üçün azad mühit yaradılır. Seçki məntəqələrində quraşdırılan seçki müşahidə kameraları seçkinin şəffaflığını təmin edir. Seçki prosesinin obyektivliyini kənardan müşahidə etməyə imkan verəcəkdir. Bu müstəvidə digər yük media orqanlarının üzərinə düşür. Onların tərəfsiz fəaliyyəti seçki prosesinin ədalətli təbliğinin təmin etməlidir. Əldə edilən müasir seçki texnologiyaları Azərbaycandakı seçki prosesini daha da təkminləşdirib, onu azad və ədalətli keçirilməsinə yeni töhvə verəcək. Bu Azərbaycan demokratiyasının yeni bir uğurudur".

 

R.Mehdiyev vurğulayıb ki, Azərbaycanda bütün sahələrin inkişafına baxmayaraq ölkəyə ikili standartlar mövqeyindən yanaşılma faktlarıda mövcuddur: "Lakin bir məqamı xüsusilə vurğulamaq istərdim. Demokratiyada ikili standartlar qəbul edilməzdir. Biz istəmirik ki, Azərbaycanda cəryan edən demokratik proseslərə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə kənardan ikili standartlar mövqeyindən yanaşılması halları mövcud olsun. Azərbaycanda demokratiyanın qurulması üçün zəruri şərait yaradılıb. Bu gün görürük ki, demokratik dəyərlər Azərbaycan milli mədəni inkişafı kontekstində insanların həyat tərzinin mintalitetinin mühüm ünsürünə çevrilib. Azərbaycanın 20 faiz işğal olunan zonasında silah və narkotik alveri, gizli miqrasiya, terrorçu düşərgələri geniş vüsət alıb. Bu regional və beynəlxalq təhlükəsizlik üçün real təhdiddir. Beynəlxalq təşkilatlar vaxtı ilə beynəlxalq təhlükəsizliyin təminatçısı qismində bir başa çıxış edən BMT bu təcavüzə və işğala adekvat reaksiya verməlidir. Bu regionda sülhün bərqərar olmasına və insan amilinin daha dolğun təcəssüm olmasına xidmət edəcək. Ermənistan rəhbərliyi bunu anlamalı, qeyri konstruktiv mövqeyindən çəkilməli və münaqişənin sülh yolu ilə həllinə öz töhvəsini verməlidir. Müasir Azərbaycanda inkişaf demokratiya və mədəni hüquqlarının xüsusilə milli azlıqlarının hüquqlarının qorunması və tolerant mühit Dağlıq Qarabağ ermənilərinin məhz Azərbaycan respublikasının tərkibində yaşayıb öz milli xüsusiyyətlərini ifadə etmələri üçün geniş imkanlar açır. Sadə ermənilər hər zaman bu fikiri paylaşıblar. Bu bizə imkan verəcək ki, quruculuq işləri görək, məktəblər açaq, həyat rifahının yüksələməsinı təmin edək. Bu eyni zamanda onların Azərbaycanda gedən sürətli iqtisadi inkişafının bəhrələnməsini mümkün edir. Biz ümid edirik ki, növbəti illərdə tərtib edilən hesabatlarda Dağlıq Qarabağda bax beləcə quruculuq işləri də öz əksini tapacaq".

 

PA rəhbəri Ermənistan dövlət başçısının tarixi saxtakarlıqda ittiham edib: "Ermənistan rəhbəri tərəfindən mənsub olduğu xalqın dilinin 8 min il bundan əvvəl, yəni ibtidai icma quruluşunun hökm sürdüyü bir vaxtda artıq formalaşdığı iddia edilsə də, bu cür bəyanatların sağlam təfəkkürlə və real tarixlə heç bir əlaqəsi yoxdur. Hamıya məlumdur ki, həmin dövrdə insanlar hələ mağara həyat tərzi sürür və ibtidai ünsiyyət vasitələrindən istifadə edirdilər. Dağlıq Qarabağın çar Rusiyasına ilhaqından sonra baş verən hadisələr, xüsusilə erməni immiqrantların bu ərazidə kütləvi surətdə yerləşdirilməsi bugünkü erməni iddiasının əsasını təşkil edir. Bunun nəticəsi olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində Dağlıq Qarabağda qeyri-legitim və qeyri-leqal bir vəziyyət yaranıb. 1836-cı ildə Çar Rusiyası tərəfindən Alban katalikosluğunun ləğv edilməsi və onun bütün əmlakının erməni Qriqoryan kilsəsinə verilməsi alban kimliyinə sarsılmaz zərbə vurub. Çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsi xristian albanların assimilyasiyasına təkan verib. Erməni dilində toponimlərə məhz bu dövrdə rast gəlinib".

Bütün xəbərlər Facebook səhifəmizdə