Ali Məhkəmənin qərarlarına əsasən MSK daha 2 nəfərin namizədliyini qeydə aldı
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq 2010-cu il noyabrın 7-nə təyin olunmuş Milli Məclisə seçkilərlə əlaqədar fərdi namizədlərdən, siyasi partiya və partiya blokları tərəfindən namizədliyi irəli sürülən şəxslərdən MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlər barədə MSK katibi Natiq Məmmədov və MSK üzvəri məlumat verib. Ümumilikdə 8 müraciətə baxılıb və onlardan yalnız biri müvafiq dairə seçki komissiyasına göndərilib, digərləri isə təmin edilməyib.
Baxılan müraciətlərdən biri də Müsavat Partiyasının başqanı, "AXCP-Müsavat" blokunun 15 saylı Yasamal birinci seçki dairəsindən vahid namizədi İsa Qəmbər tərəfindən edilib. Müraciətində göstərilib ki, 22 oktyabr 2010-cu il tarixdə İctimai Televiziyada "Xalq seçir" verilişində 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Elbrus Abdullayev onu təhqir edib və ünvanına böhtan səsləndirib. İ.Qəmbər həmin fikirləri təkzib etmək üçün İTV-dən əlavə pulsuz efir vaxtı istəsə də, mənvi cavab aldığından MSK-ya müraciət edib. MSK üzvü, Müsavat Partiyasının təmsilçisi Gülağa Aslanlı da bildirib ki, İ.Qəmbərin ünvanına təhqir və böhtan İctimai Televiziyanın ödənişsiz efir vaxtında səsləndirildiyindən Müsavat başqanına da sözügedən televiziya kanalında cavab üçün ödənişsiz efir vaxti verilməlidir. MSK katibi N.Məmmədov isə bildirib ki, qanunvericilikdə təkzibin konkret olaraq ödənişsiz əsaslarla təmin edilməsi ilə bağlı heç nə göstərilməyib. MSK sədri Məzahir Pənahov da qeyd edib ki, yanız Ali Məhkəmə İctimai Televiziya ilə bağlı hansısa qərar verə bilər, MSK-nın belə bir səlahiyyəti yoxdur. Müzakirələrdən sonra İ.Qəmbərin müraciətinin təmin olunmaması ilə bağlı MSK qərar verdi.
Daha sonra iclasda 2010-cu il noyabrın 7-nə təyin olunmuş Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının icrasına dair məsələyə baxılıb. Ali Məhkəmə qərarlarına əsasən, 57 və 79 saylı dairə seçki komissiyalarının namizədlikdən imtina ilə bağlı qərarları ləğv edilib və seçki dairələrinin hər birindən bir nəfərin namizədliyinin qeydə alınması barədə qərarlar qəbul olunub. M.Pənahov qeyd edib ki, həmin namizədlərin qeydə alındığı seçki dairələrdəki seçki məntəqələrinə paylanılan seçki bülletenləri yığışdırılmalı və tezliklə yeni bülletenlərin çapına başlanılmalıdır.
MSK üzvü G.Aslanlı çıxış edərək söyləyib ki, Dövlət Statistika Komitəsi və MSK-nın rəsmi saytlarında olan seçicilərin sayı ilə bağlı olan fərqlər barəsində kütləvi informasiya vasitələrinin təmsilçiləri ona tez-tez suallar unvanlayırlar: "Mənə deyirlər ki, Dövlət Statistika Komitəsi seçicilərin sayını MSK-nın rəsmi saytında göstəriləndən təxminən 1,6 milyon çox verib. Biz bu məsələyə aydınlıq gətriməliyik".
MSK sədri isə cavabında bildirib ki, bu qədər fərqin olması mümkün deyil: "Bu vaxta kimi bir nəfər belə adının seçici siyahısında olmaması ilə bağlı müraciət etməyib. MSK-nın seçici siyahısı dəfələrlə təsdiqlənmiş sənəddir. Mümkün deyil ki, arada 1,6 milyon fərq olsun, bir nəfərin səsi belə çıxmasın. Bunun üçün narahat olmağa dəyməz. MSK-nın seçici siyahısının düz olmaması üçün heç bir əsas yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB