Ermənilərin aprel etirafları...

Düşkünlük, gücsüzlük və məğlubiyyət!

“İki il öncənin bu günü bizim ictimaiyyəti heç də xoş olmayan müharibə xəbəri oyatdı”. SİA xəbər verir ki, bu barədə Ermənistanın 1in.am saytının analitik bölümündə Aprel müharibəsinə və işğalçıların məğlubiyyətinə həsr olunmuş yazıda qeyd olunub. Məqalədə bildirilir ki, hərbi əməliyyatlar bütün cəbhə xətti boyu başlayıb və xüsusilə “Artsax” (Qarabağ-red.) - Azərbaycan “sərhəddinin” cənub (“Hadrut”-Xocavənd) və şimal-şərq (“Mardakert”-Ağdərə) istiqamətlərində qızğın döyüşlər gedib.

Məqalənin həm də bir düşmən etirafı olduğunu nəzərə alaraq, onun davamını diqqətinizə çatdırırıq. Belə ki, sözügedən yazıda bildirilir ki, dördgünlük müharibə erməniləri yeni reallığa nəzər salmağa məcbur etdi. SİTAT: “Hansı ki, biz köhnə miflərlə vidalaşmalı olduq – hətta ola bilər ki, yeni situasiyanın adekvat baxışına sahib olmadan”.

Dördgünlük müharibə - erməni mifinin dağıdılması reallığı

Düzdür, sözügedən məqalədə erməni müəllif erməni ordusunun bacarıqsızlığını və zəifliyini etiraf etsə də, necə deyərlər, digər tərəfdən bunu öz təbirincə, yəni ermənilərə xas olan üsulla pərdələməyə çalışıb. Məsələn, dördgünlük müharibənin ermənilərin hərbi-siyasi elitasının bacarıqsızlığının və naşılığının, ordunun hərbi üstünlüyü mifinin indikatoru olduğunu yazan müəllif digər tərəfdən, guya belə bir vəziyyətdə “millətin” qeyri-standart hallarda rasional həll etmə qabiliyyətinin olduğunu, hətta erməni əsgər və zabitlərinin “şücaət” göstərdiyini iddia edir. Əlbəttə, belə olan halda gerçək bir sual yaranır: belədirsə, düşmən əsgər və zabitləri bu qədər “qəhrəmanlıqlar” göstəriblərsə, ermənilər nəyə görə məğlub oldular? Söz yox ki, erməni tərəfi bütün hallarda uduzublar və onların nə hərbi, nə də digər cəhətlərdən heç bir uğurları olmayıb.

Erməni müəllif: “Bizim siyasi sistem təəssüf ki, Qarabağ probleminin həlli üçün heç bir hazırlığa malik deyil, hətta müzakirələr, debatlar aparmaq səviyyəsində olsa belə”

Lakin burada digər tərəf – ermənilərin müharibədən bezdikləri də açıq-aydın görünür. Misal üçün, yazıda qeyd olunur: “Dördgünlük müharibə yeni baxışla müharibə və sülh dilemması üzərində düşünməyə vadar etdi və göstərdi ki, bizim siyasi sistem təəssüf ki, Qarabağ probleminin həlli üçün heç bir hazırlığa malik deyil, hətta müzakirələr, debatlar aparmaq səviyyəsində olsa belə”.

Erməni müəllif bunu belə etiraf edir ki, 1994-cü ildən başlayaraq, atəşkəs rejimi tətbiq olunduqdan sonra ermənilər dövlətçilik ideyaları ətrafında baş qarışdırmaqla məşğul olublar – növbəti müharibədən yan keçərək, əslində onu daha da yaxınlaşdırmaqla. Lakin bunun yerinə hakimiyyət korrupsiyalar, seçki falsifikasiyaları vasitələri ilə o qədər məşğul oldular ki, birinci müharibənin effektlərindən yararlanmağı bacarmadılar. “Halbuki, elə sivilizasiyalı, siyasi bir mühiti məhv elədi ki, onların üzərində vətəndaş maraqlarını təmin edəcək müasir dövlət qurmaq olardı...”

Bu kimi məsələlərə toxunan erməni müəllif digər bir məqama toxunur: “Təsadüfi deyil ki, müharibədən bir neçə ay sonra PPX alayınının ələ keçirilməsi avantürası baş verdi. Düz bir il sonra isə, ictimaiyyətin siyasi kapitulyasiyası reallaşdı. Bu, bizim siyasi sistemin dolayısı ilə dördgünlük müharibədən sonra - daha dəqiq desək, problemlərin həlli üçün səslənən yeni çağırışlar qarşısında “ağ bayraq” qaldırması idi. 2016-cı ilin aprelində bizim ictimaiyyət rasionallıq, dolğun baxış kimi keyfiyyətlər əldə etsə də, sonradan bütün bunlar bataqlıqda məhv oldu...”

“Dördgünlük müharibə müttəfiqlərimiz, dünya, beynəlxalq əlaqələr və humanizm haqqındakı təsəvvürlərimizi də dəyişmiş oldu”

Bənzər amilləri araşdırarkən, biz erməni müəllifin digər eyhamlarına da diqqət yetirə bilərik. Belə ki, Aprel müharibəsindən sonra biz ermənilərin uzun müddət “müttəfiqimiz” dedikləri Rusiya ilə münasibətlərini korladıqlarının şahidi olduq. Adıçəkilən erməni saytının analitiki yazır: “Dördgünlük müharibə müttəfiqlərimiz, dünya, beynəlxalq əlaqələr və humanizm haqqındakı təsəvvürlərimizi də dəyişmiş oldu”.

Erməni analitik bu müharibənin Moskva tərəfindən hazırlandığını və Bakının əli ilə baş verdiyini iddia edir. Görünür, bu səbəbdən dar düşüncəlik və qeyri-reallıq baxımından, 1 in.am saytının təhlilçisi guya Bakının Ermənistana və “Artsaxa” müharibə elan etdiyini yazır. Halbuki, bu gün dünyanın bir çox siyasi dairələrində Aprel müharibəsinin məhz erməni təxribatı sayəsində baş verdiyi barədə fikirlər təsdiqini tapmışdır.

Beləliklə, görünən budur ki, Aprel müharibəsi düşmənə kifayət qədər ciddi dərs, hətta kötək təsiri bağışlayıb. Ona görə də hər ilin bu ərəfələrində ermənilər necə deyərlər, ağlaşma quraraq, məğlubiyyət etiraflarını etmək məcburiyyətində qalırlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə