Ermənistan “Qırmızı kitab”dan məmnundur

Ermənistan “Qırmızı kitab”dan məmnundur

Türkiyə Milli Təhlükəsizlik Şurasında qəbul olunan və ictimaiyyət tərəfindən "Qırmızı kitab" adlandırılan "Yeni Milli Təhlükəsizlik Siyasəti Sənədi"ndə Ermənistanın təhlükə olaraq göstərilməməsi Ermənistan hakimiyyətində məmnuniyyətlə qarşılanıb. SİA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar arxa plana keçsə də, iki ölkənin yaxınlaşması ilə bağlı danışıqlar bağlı qapılar arxasında davam edir.

İki ölkə Xarici İşlər Nazirliklərinin inkar etməsinə baxmayaraq İsveçrənin İrəvan və Ankara arasındakı danışıqların davam etdiyini bildirdiyini yazan qəzet "Qırmızı kitab"da edilən dəyişikliyin danışıqlara fayda verəcəyin qeyd edib. "Hürriyet" erməni siyasi eksperti Stepan Qrigoryanın son proseslərlə bağlı fikirlərinə də yer verib: "Türkiyə Ermənistana qarşı son dərəcə maraqlı bir siyasət aparır. Hər kəs Axdamar adasındakı kilsədən xaçın asılmayacağını deyirdi. Ancaq mən buna inanırdım. Türkiyənin apardığı siyasət Ermənistanla əlaqələri normallaşdırmağa istiqamətlənib".

 

Türkiyə və kamalizmlə bağlı araşdırmaları ilə tanınan Vahram Ter-Matevosyan isə Türkiyə Milli Təhlükəsizlik Şurasında qəbul olunan və hökumətə tövsiyə edilən "Yeni Milli Təhlükəsizlik Siyasəti Sənədi"ndə Ermənistanın təhlükə olaraq göstərilməməsinin Türkiyənin xarici siyasətindəki köklü bir dəyişikliklə deyil, bir siyasi davranışla bağlı olduğunu söyləyib. Açıqlamasında politoloq baş nazir Rəcəb Tayyib Ərdoğan ilə xarici işlər naziri Əhməd Davutoğlunun Türkiyənin yeni xarici siyasətinin memarı olduğunu ifadə edib. O, qeyd edib ki, Ermənistanın və ya başqa bir qonşu ölkənin "təhlükələr"  siyahısından çıxarılması 2011-ci ildə keçiriləcək parlament seçkilərinin əvvəlində bu ikilinin "qonşularla sıfır problem" olaraq təqdim etdiyi xarici siyasətin davamıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə