Dövlət Komissiyası Azərbaycan vətəndaşının geri qaytarılması ilə bağlı açıqlama yayıb

Dövlət Komissiyası Azərbaycan vətəndaşının geri qaytarılması ilə bağlı açıqlama yayıb
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşının geri qaytarılması ilə məlumat yayıb. SİA-nın Dövlət Komissiyasının saytına istinadən veridyi xəbərə görə, məlumatda bildirilir ki, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq 4 noyabr 2010-cu il tarixdə Qazax rayonu ərazisində, qoşunların təmas xəttində 11 sentyabr 2010-cu il tarixdə Azərbaycan hərbçiləri tərəfindən saxlanılan, 5 oktyabr 2010-cu il tarixdə saxlandığı kamerada özünü asaraq intihar edən Ermənistan Respublikası vətəndaşı Sarıbekyan Manvel Mamikonoviçin meyidi qarşı tərəfə təhvil verilib.

Eyni zamanda, Ermənistan tərəfi 28 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi ərazisində girov götürülmüş Azərbaycan vətəndaşı Tağıyev Eldar Heydər oğlunu Azərbaycan tərəfə qaytarıb. İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə