Uzun müddətdir hay-küylə, hap-gopla davam edən "təbliğatına", Kərimli və Həsənlinin pafoslarına rəğmən, mitinqə 1200 nəfərə yaxın adamın qatılması AXCP, "Milli Şura" və Müsavatın cəmiyyətdəki nüfuzunu, tərəfdaşlarının sayını göstərir. İnsanları mitinqə cəlb etmək üçün müxtəlif vasitələrə, hətta aztəminatlı insanlara pul paylanılmaları siyasi mübarizəni şəxsi ambisiyaların təminat yolu sayanların bu fiaskosu da əvvəlkilərdən zərrə qədər fərqlənmədi. Bir-birinin ardınca ayda bir neçə dəfə cılız aksiyaya bənzər mitinq keçirənlər, həmişə olduğu kimi, yenə də bir uğursuzluğa imza atdılar.
Soyqırımının 100 illiyi tamam olduğu bir gündə mitinq keçirmək vətəndaşlıq mövqeyinə yaddır
Mitinq üçün seçilən tarixin belə uğurlu olmadığını təkzib etmək mümkün deyil. Azərbaycanlılara qarşı erməni-daşnak qüvvələrinin soyqırımı törətdiyi gün, 31 mart tarixində və soyqırımın 100 illiyinin tamam olduğu gündə "Milli Şura"nın mitinq keçirib, seçkilərlə bağlı hər hansı münasibət bildirməsi vətəndaşlıq mövqeyinə tamamən ziddir. Martın 31-ə mitinq təyin edilməsi ən azından, şəhidlərin ruhuna hörmətsizlikdir.
Bəs mitinqin bu günə təyin edilməsində "Milli Şura"nın məqsədi nə idi? Yoxsa ki, bu tarixi hadisənin, milli faciənin emosional-psixoloji təsir imkanlarından yararlanaraq, "şura"nın mitinqinin kütləviliyini təmin etmək, bu yolla iştirakçıların sayının çox olmasına nail olmaq və bundan da seçkiqabağı çirkin niyyətlər üçün istifadə etmək idi? Xalqın bu günə xüsusi diqqətini nəzərə alaraq, dağıdıcı müxalif ünsürlər əldə etmək istədikləri say çoxluğunu da geniş ictimaiyyətə, hətta dünya ictimaiyyətinə xaincəsinə sırımaq niyyəti güdürdülər. Yəni sadəcə olaraq, istifadə etmək məqsədi güdülürdü. Soyqırımdan, 31 mart hadisələrindən, müqəddəs şəhid ruhlarına olan ehtiramdan sui-istifadə etmək hansı vətəndaşlıq mövqeyinə sığışır? Qanunlar, haqq və hüquqlar heç də hər zaman yeganə istinad yeri olmur və milli mənsubiyyətinə hörmət edən kəslər belə bir qan yaddaşı günündə toplaşmaq azadlığından istifadə etməzdən öncə, vicdanının səsinə qulaq asardı, sözsüz ki, əgər var idisə. Təbii ki, xalq bu ali dəyərlərə hörmətsizlik edənlərə qoşulmadı və dəstək vermədi. Hər bir azərbaycanlının qəlbində şəhid ruhuna hədsiz ehtiram var və bu ehtiramı bir neçə avantüristin alətinə çevirmək və ucuz tutmaq niyyəti yoxdur.
Son mitinq də öz təkrarçılığı ilə əvvəlkilərdən zərrə qədər seçilmədi
Martın 31-də keçirilən mitinq yenə də öz monotonluğu, təkrarçılığı ilə seçilmədi. Əksinə, bundan əvvəl keçirdikləri mitinqdə səsləndirilən şuarlar və xəyanətkar mövqe yenə də ortaya qoyuldu. Ə.Kərimli Azərbaycan hökumətini Rusiyadan yararsız silahlar almaqda günahlandırmaqla, radikalların Azərbaycanın hərbi qüdrətinə şər atmaq və düşməni ruhlandırmaq kimi xəyanətkar ənənələrinə sadiqliyini nümayiş etdirdi. Ələlxüsus, 31 Mart Soyqırımının 100 illiyinin tamam olduğu bir gündə, düşmən cəbhəsinə belə bir yalan mesaj verilməsi şəhid ruhuna, 100 il bundan öncə həlak olanların əbədi xatirəsinə hörmətsizlikdir ki, onların əsl simalarını göstərən bu xislət bağışlanmazdır.
Yaxud, "Milli Şura" sədri Cəmil Həsənlinin prezident seçkisi ilə əlaqədar sayıqlamaları da təkrarçılıqdan başqa bir şey deyildi. Onsuz da, ötən dəfə keçirilən mitinqdə bu barədə danışılmışdı axı utanmadan. Əlbəttə, utanmadan, çünki seçkidə iştirak etmədən, seçkiyə namizəd olaraq qatılmadan indidən seçki prosesinə bu qədər şər atmaq utanmazlıqdır. Adamda həya yaxşı şeydir, amma C.Həsənli seçkiyə qatılmaq gücündə olmadıqlarını bilərək, biabırçı məğlubiyyətlərini əvvəlcədən dərk edib kənara çəkilmələrinə rağmən yenə də seçkiyə ağız büzürsə, onda bu həyadan əsər-əlamət olmadığını təsdiqləyir.
Maraqlıdır, lap sosial sifarişin olmadığını da bir tərəfə qoyaq, əgər ötən mitinqlərdə də eyni sözlər işlədilmişdisə, bu mitinqə daha nə ehtiyac var idi? Yaxud təşkilatçılardan bir söz soruşmaq yerinə düşərdi ki, ay başbilənlər, siz özünüz bu təkrarçılıqdan yorulub, bezməzdinizmi? Arqumentsiz ittihamlara, əsassız, özü də təkrar çıxışlara özünüz bu qədər qulaq asa bilərsizmi? Əsla. Heç Əvəz Zeynallı da qulaq asmadı. Mitinq başlayandan, qısa bir müddət sonra, "Məhsul"u və sizi tərk etdi. Bir zamanlar sizinlə tribunanı bölüşən, hətta aparıcılıq belə edən İbrahim İbrahimli də eyni reaksiyanı verdi və mitinqin tən yarısında, qurtarmağına 1 saat qalmış meydanı tərk etdi.
Tribuna demişkən, heç Gültəkin Hacıbəyli də o kürsüyə çıxmadı və görünür, Kərimli üçün onun da istifadə müddəti qurtarıb və yararlılıq dərəcəsi heçə enib.
Mitinq adı qoyulmuş bu aksiyada iştirakçılar da öz ənənələrinə sadiq qalaraq, selfi çəkdirir, sosial şəbəkələr üçün şəkil bazasını artırmaqla məşğul olur və hər kəs öz iştirakını bununla başa çatmış hesab edildi. Burda məslək, əqidə deyiləsi bir məfhumu axtarmaq da sadəlövhlük olardı. Umumiyyətlə, martın 31-də "Məhsul"da məhsuldarlıq sıfır səviyyəsində idi və bu meydan maraqların meydan suladığı müstəvini xatırladırdı. Əslində, radikalların bundan artığına gümanı belə yox idi və suda boğulanın saman çöpünə əl uzatması timsalında, bunların da hər vasitəyə əl atmalarına baxmayaraq, təkrarçı və biabırçı bu aksiya, monoton mitinq, fiaskodan başqa heç nə vəd edə bilməz.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB