Mənsum İbrahimovun 50 illik yubileyi qeyd olunub

Mənsum İbrahimovun 50 illik yubileyi qeyd olunub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimovun anadan olmasının 50 illiyinə həsr edilən tənətənəli tədbir keçirilib. SİA-nın məlumatına görə, mərasimdə ilk olaraq çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarın Azərbaycan musiqisinin inkişafı, təbliği və gənc nəslə öyrədilməsi istiqamətində gördüyü əvəzsiz işlərdən söz açıb.

Azərbaycan mədəniyyətinin, muğam ifaçılıq sənətinin tarixi qədim, ömrü uzundur deyən nazir bildirib ki, bu ömrə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yeni bir nəfəs verib və muğamın inkişafı, təbliği sahəsində müasir bir tarix yazıb. Azərbaycan muğamı YUNESKO-nun Dünya İrs Siyahısına da məhz Mehriban xanım Əliyevanın xidməti sayəsində daxil edilib.

Əbülfəs Qarayev çıxışının sonunda Prezidentin xalq artistinə verdiyi "Şöhrət" ordenini təqdim edib.
Nazirin çıxışından sonra tədbirdə M.İbrahimovun həyat və yaradıcılığından bəhs edən "Zirvəyə ucalan səs" filmi nümayiş etdirilib.

Tədbirin aparıcılığı akademik Vasif Məmmədəliyeva həvale edilmişdi.

Opera səhnəsindəki fəaliyyəti ilə bərabər Mənsum İbrahimov həm də xalq və bəstəkar mahnılarının və muğamlarımızın gözəl ifaçısıdır. O, Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində ləyaqətlə təmsil edir.

Yubiley gecəsində əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança), Təranə Əliyeva (kanon), kamran Kərimov ifaçıları müşayət ediblər.

Tədbirdə yubilyarın bir sıra tanınmış dostları- xalq artistləri Aygün Bayramova, Yaşar Nuri, Fərhad Bədəlbəyli, Əlibaba Məmmədov, Səyavuş Kərimi, xalq şairi Zəlimxan Yaqub, əməkdar artist Zabit Nəbizadə və başqaları iştirak edib.

Sonda Mənsum İbrahimov əməyinə yüksək qiymət verən ölkə rəhbərliyinə və Azərbaycan xalqına minnətdarlığını bildirib, bundan sonra da muğamlarımızın inkişaf etdirilməsində və sevilməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Gecədə tanınmış və gənc muğam ifaçıları geniş konsert proqramı ilə çıxış ediblər.

Məlumat üçün bildirək ki, Mənsum İbrahimov hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı istedadlı muğam ustasının böyük peşəkarlıqla yaratdığı obrazlardandır.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan gecədə həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanan, sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi də nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə