119 seçki dairəsi vebkameralarla əhatə olunub

"6 seçki dairəsi istisna olmaqla qalan 119 seçki dairəsi kameralarla əhatə olunub". SİA-nın verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-da seçkilərdə vebkameralardan istifadə edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deyib.

2008-ci ildən etibarən Azərbaycanda seçkilərədə vebkameraların tətbiqinə başlanıldığını xatırladan MSK rəsmisinin sözlərinə görə, hələ də bir sıra ölkələr seçkilərdə vebkamera ilə müşahidə aparılmasına icazə vermir.

N.Məmmədov qeyd edib ki, vebkameralar 20 faiz seçki məntəqələrində birbaşa izləmə imkanları yaradır. Ümumilikdə min seçki məntəqəsində kameralar quraşdırıldığını diqqətə çatdıran N.Məmmədov vurğulayıb ki, bu, seçkilərdə müşahidə aparan qurumların işini xeyli asanlaşdırır: “Min mətəqədə müşahidə aparmaq üçün gərək müşahidə aparan qurumun ən azı min əməkdaşı olsun, lakin vebkameralar bu işi xeyli yüngülləşdirir”.

MSK sədrinin müavininin sözlərinə görə, vebkameraların digər müsbət tərəfi odur ki, seçkilərlə bağlı şikayət və müraciətlər bu qurğular vasitəsilə araşdırılır, onlardan əldə olunan görüntülər məhkəmə baxışına da təqdim edilə bilir.

Daha sonra seçkilərdə vebkameraların istifadə edilməsi məsələsi səsə qoyulub və MSK üzvləri tərəfindən təsdiq edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə