QHT rəsmisi: "Çox təəsüflər ki, biz soyqırıma məruz qalmışıq" MÜNASİBƏT
“31 mart – Azərbaycanlıların Soyqırımı Günü, 100 il öncə, 30 mart– 3 aprel tarixində Bakı şəhərində, Bakının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyanda, Qarabağ, Naxçıvanda, habelə Zəngəzurda və digər ərazilərdə o vaxtkı Bakı Soveti və “Daşnaksütun”a bağlı olan mütəşəkkil erməni silahlı dəstələrinin günahsız azərbaycanlılara, dinc əhaliyə qarşı törətdikləri insanlıq dramının ümumiləşmiş anım günüdür. Bu gün Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə rəsmiyyət qazanıb”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, 80 ilə yaxın müddətdə bugünü rəsmi şəkildə qeyd etməmişik; hətta, on illər boyu 31 martda bəlkə hətta toy etmişik, şadlıq keçirmişik: “Çünki bilgisiz olmuşuq yaxud bilgili olanlarımız da səsini çıxarmaq imkanında olmayıb. Bax, biz belə bir tarixi dönəmlərdən keçmiş, yaddaşında bir-birinə zidd tarixi proseslərin, hadisələrin süxurlaşdığı xalqıq. Mart hadisələri, soyqırım aktları Çar Rusiyasının, Osmanlının çöküşü prosesini, dünyada baş verən o vaxtkı digər böyük gedişatları, Sovetlərin yaranmasını və verilən bir sıra vədləri fürsət bilən ermənilər özlərinə dövlət qurmaq planlarını silah gücünə işə salmasının nəticəsi idi; bu həm də, bizim bir xalq olaraq o dövrdə rəsmən – dövləti, siyasi baxımdan yetim olmağımızın nəticəsi idi; habelə bizim qeyri-mütəşəkkil, bizə qarşı olanlarınsa mütəşəkkil, dərin plan içində olmasının nəticəsi kimi meydana çıxıb. Çox təəsüflər ki, biz soyqırıma məruz qalmışıq, özü də, XX yüzilin sonunda daha bir sıyqırıma məruz qalmış, Qaradağlıda, daha dəhşətli şəkildə Xocalıda insanlıq dramını yaşamışıq.
Əlbəttə, soyqırımın miqyası, qurbanların sayı və s. barədə çox faktları sadalamaq olar. Ancaq elə başa düşürəm, biz o hadisələrdən çıxardığımız dərsə yaxud əleyhimizə olan gedişatın lehimizə çevrilməsi imkanlarına da diqqət etməliyik. Məsələn, daşnakların, bolşeviklərin siyasətinin labüd sonucu olan soyqırım törədildisə də, az sonra vətənimizdə milli istiqlal mübarizəsi gücləndi, xalq toparlanmağa, öz dövlətçiliyini bərpa edib, yetimlikdən çıxma üşüncəsinə yiyələndi. Beləliklə, 2018-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu, həmin ili Qafqaz Türk-İslam Ordusunun tarixi dəstəyi ilə Bakı da daxil olmaqla, Cümhuriyyətin əraziləri böyük ölçüdə azad olundu.
XX yüzilin sonlarında dövlət müstəqilliyimizi yenidən bərpa etdik, doğrudur, 1992-ci ilin 26 fevralında Xocalı soyqırımı yaşadıq, ancaq arada on illər boyu başımızın alta sosialist qardaşlığı balıncı qoyulsa da, yenə çıxardığımız sonuclara, dərsə diqqət çəkmək istərdim. Konkret olaraq, artıq Ermənistan “dövlət”i bizə soyqırım tətbiq edə bilməyəcək, ərazilərimizi işğal edə bilməyəcək, bizə tarixi sarsıntılar yaşada bilməyəcək, ən yaxşı halda özünümüdafiə ilə başı qarışacaq. Bu inamı bizə bəxş edənsə, dövlətimizin, ordumuzun qüdrətlənməsidir, ordu-xalq birliyidir, dövlət-vətəndaş qarşılıqlı inamıdır, Ali Baş Komandanımızın istər ərazi bütövlüyümüzlə, istərsə də, tarixi torpaqlarımızla, haqlarımızla bağlı istiqamətverici mövqeyidir.
Tanrı bütün şəhidlərimizə rəhmət eləsin və Vətənimizin bayrağı uca olsun! Dövlət xalqımızı həmişə qorumaq imkanına malik olsun!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB