Prezident İlham Əliyev bp-nin icraçı vitse-prezidentini qəbul edib

Prezident İlham Əliyev bp-nin icraçı vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də bp-nin icraçı vitse-prezidenti Endi İnqlisi bu vəzifədə fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

SİA-nın məlumatına görə, Endi İnqlis bp ilə ölkəmiz arasında çox güclü tərəfdaşlığın mövcud olduğunu vurğulayaraq Azərbaycan Prezidentinin rəhbərliyi ilə müxtəlif layihələrdə, o cümlədən "Şahdəniz-2" yatağında işlərin uğurla getdiyini qeyd edib. O, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə artıq bir milyard barreldən çox neftin nəql edildiyini vurğulayıb. Bp-nin icraçı vitse-prezidenti 2010-cu ili bp ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı çox böyük nailiyyətlərin əldə olunduğu il kimi dəyərləndirib.

Dövlətimizin başçısı Endi İnqlisin bp-nin icraçı vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə bp ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Prezident İlham Əliyev 2010-cu ilin Azərbaycan ilə bp arasında əlaqələr baxımından çox uğurlu il olduğunu vurğulayaraq bu müddətdə böyük həcmli işlərin görüldüyünü məmnunluqla qeyd etdi və bunu ölkəmizlə bp arasında mövcud olan uzunmüddətli tərəfdaşlığın davamı kimi dəyərləndirib.

bp ilə Azərbaycan arasında bu il üçün razılaşdırılmış məsələlərə toxunan Prezident İlham Əliyev nəzərdə tutulan layihələrin gələcək onilliklər ərzində tərəfdaşlığımıza xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Əməkdaşlığımızın səviyyəsindən razılığını bildirən dövlətimizin başçısı bu münasibətlərin strateji əhəmiyyət daşıdığını və "Şahdəniz", "Şəfəq", "Asiman", "Azəri-Çıraq-Günəşli" və bir çox digər layihələr üzrə əməkdaşlığımızın uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə