Bakıda “CIPS 2010” 3-cü Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi keçiriləcək
23-26 noyabr tarixlərində ilk dəfə "Bakı Ekspo" sərgi mərkəzində "CIPS 2010" 3-cü Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi keçiriləcək.
SİA-nın məlumatına görə, sərgidə Azərbaycan, İtaliya, Çin, Koreya, Rusiya, Türkiyə, ABŞ, Fransa və Çexiyadan olan şirkətlər yüksək texnoloji məhsullar təqdim edəcəklər. Sərgi ekspozisiyasını avadanlıqların ən yeni nümunələri, müasir texnologiyalar və təhlükəsizliyin təmin olunması üzrə demək olar ki, bütün sahə və sektorlarda əldə edilən ən son nailiyyətlər və layihələr təşkil edəcək.
Sərginin ən iri bölməsi – texniki vasitələr və təhlükəsizlik sistemləri olacaq. Belə ki, sərgi "Samsung", "LG Security", "SONY Security", "Pelko" kimi aparıcı istehsalçıların və digər şirkətlərin ССTV kameralarının geniş çeşidini, iri anbar sahələrinin daxilində müşahidə üçün xüsusi həll variantlarını, "intellektual ev" sistemini təqdim edəcək.
Sərgidə "yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə sistemlər" adlı xüsusi bölmə də fəaliyyət göstərəcəkdir. Bu bölmədə yaşayış və qeyri-yaşayış binalarında yanğın təhlükəsizliyi üzrə modullu sistemlər və onların həll variantlarını, eləcə də ekstremal şəraitdə istismar üçün nəzərdə tutulan, videokameralar ilə təchiz edilmiş istilik siqnalizatorları nümayiş olunacaqdır.
Banklar üçün yeni həll variantları, informasiya və kompüterlərin qorunması üzrə bölmələr bank sektorunun mütəxəssisləri üçün maraqlı olacaq. Bu bölmədə yüksək səviyyəli mühafizə sisteminə malik bank qapılarının nümayişi də keçiriləcəkdir.
İlk dəfə olaraq, "СIPS" sərgisində həmçinin gömrük və sərhəd-nəzarət məntəqələrində tətbiq edilən ən yeni avadanlıq və texnologiyalar nümayiş etdiriləcək. Belə ki, narkotik vasitələrin aşkar edilməsi üçün xüsusi avadanlıqlar təqdim olunacaq.
Daha bir yenilik isə neft-qaz sənayesi üçün cihaz və ölçü avadanlıqlarının təqdimatı olacaqdır. Böyük Britaniyanın "ITE Group" şirkət və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB