Parlament seçkilərinə son 5 gün qalıb. SİA Azərbaycanda ictimaiyyətin seçkilərə münasibətini, marağını öyrənmək üçün sorğu keçirib. Sorğuda iştirak edən 18 yaşdan yuxarı şəxslər parlament seçkiləri ilə bağlı aşağıdakı sualları cavablandırıb.
1 - Parlament seçkilərində iştirak edəcəksinizmi?
2 - Milli Məclisin işindən razısınızmı?
3 - Sizcə Azərbaycanda hansı sahələrdə həll olunması zəruri olan problemlər var?
4 - Seçdiyiniz namizəddən daha sonra peşman olduğunuz olubmu?
5 - Namizədlərin təhsil və mədəni səviyyələri sizi qane edirmi?
6 - Sizcə xalqımızı Milli Məclisdə hansı ixtisas sahibləri təmsil etməlidir?
7 - Namizədinizi seçərkən hansı probleminizin həll olunmasına ümid edirsiniz?
Sorğu zamanı cəmiyyətin seçkilər prosesinə qarşı müxtəlif fikirlərinin şahidi olduq. Bəziləri seçkilərdə iştirak edəcəyini, seçkilərin cəmiyyətin həyatında çox önəmli rol oynadığını, bəziləri isə seçkilərdə iştirak etməyin mənasız olduğunu fikirləri ilə əsaslandırıblar. Sorğumuzun ilk iştirakçısı 63 yaşlı Bəxtiyar Talıbov olub. B.Talıbov parlament seçkilərində uzun illərdir iştirak etdiyini, dəstəklədiyi Yeni Azərbaycan Partiyasının üzvlərinin seçilməsindən də son dərəcə razı olduğunu bildirib: "Artıq 63 yaşım var, uzun illərdir ki seçkilərdə iştirak edirəm. Milli Məclisin Azərbaycandakı işini yüksək qiymətləndirirəm. Xalqı müdafiə edəcək insanlar xalqın dərdlərini anlayanlar olmalıdır. Məhz buna görə də mən YAP-ın üzvlərinə səs verməyi daha məqsədəuyğun hesab edirəm. Milli Məclisdə xalqı təmsil edəcək vəkillər əsasən güclü siyasətçi və iqtisadçı olmalıdırlar. Millət vəkillərinin təhsil səviyyəsinə gəldikdə isə, bu məni qane edən dərəcədədir. Bəzən efirdə yaşanan hadisələri isə həyəcanla əlaqələndirmək daha doğru olar".
Digər bir iştirakçımız olan 24 yaşlı Teymur Muradov isə təhsilin səviyyəsindən narazı olduğunu etiraf edib: "Artıq 4 ildir ki seçkilərdə iştirak edirəm. Seçkilər cəmiyyətin həyatında çox önəmli yer təşkil edir, çünki bu gün seçdiyimiz millət vəkilləri sabah bizi nəinki Azərbaycanda, hətta dünyada təmsil edirlər. Məhz buna gərə də qərar verilərkən dəfələrlə düşünmək lazımdır. İnsanlar inandıqları, müsbət irəliləyişlər edəcəyinə güvəndikləri namizədlərə səs verməlidirlər. Sonradan peşman olmamaq üçün seçəcəyimiz namizədin bu günə qədər cəmiyyətimizin yaxşılığı və inkişafı yolunda atdığı hər bir addımı araşdırmalı və qiymətləndirməliyik. Millət vəkilliyinə namizədlərin təhsil səviyyəsində ciddi problemlər var, ümid edirik ki belə problemlər gələcəkdə yaşanmayacaq. Çünki biz bizi təmsil edənlərin bizdən əvvəl özlərini düzgün təmsil etmələrini istəyirik. Ali təhsil hər şey demək deyil. Düşünürəm ki, parlamentdə iqtisadçılar, hüquqşünaslar daha çox üstünlük təşkil etməlidir. Mən əsasən sosial sahədəki problemlərin həll olunmasını ümid edirəm".
Sorğuda iştirak edən 33 yaşlı Təranə Fətəliyeva millət vəkillərinin xalqın vəziyyətini yaxşılaşdırmaq istiqamətində çox işlər gördüyünü bildirərək qeyd edib ki, seçkilərdə gənclərin iştirak etməsi çox əsasdır: "Azərbaycanda Milli Məclisin verdiyi qərarlarla cəmiyyətin həyatında etdiyi dəyişikliklər göz qabağındadır. Uzun illərdir ki YAP-ın üzvlərinə səs verərək seçkilərdə iştirak edirəm və seçdiyim namizəddən sonralar peşmançılıq yaşamamışam. Millət vəkilləri insanların qayğısına qalmalı, onların problemlərini həll etmək üçün müxtəlif siyasətlər yeritməlidirlər. Məhz buna görə də parlamentdə cəmiyyəti təmsil edənlərin çoxunun siyasətçi olmasını daha məqsədəuyğun hesab edirəm".
Təhsil səviyyəsi ilə bağlı sualımızı cavablandıran Fətəliyeva namizədləri daha diqqətlli olmağa çağırıb: "Namizədlərin təhsil səviyyəsi haqda çox alçaldıcı danışmaq istəmərəm, amma danılmaz bir həqiqətdir ki, bəziləri hətta öz şəxsi məlumatlarını tərcümeyi-hallarından da yaxşı oxuya bilmirlər. Düzdür bunun bir neçə səbəbi ola bilər. Lakin unutmamalıyıq ki, namizədlərin danışıqlarını televiziyada dinləyən tamaşaçı onun həyəcanını və başqa manelərini nəzərə almır. Ona görə də namizədlər bir az diqqətlli olmalı, ən azından özləri haqda bir çox məlumata sahib olmalıdırlar. Çünki kiminsə özü haqda məlumatı vərəqdən oxuması xoş deyil, hələ bu millət vəkilliyinə namizəd olan şəxsdirsə vəziyyət daha da utancverici olur".
İştirakçılar arasında namizədlərin millət vəkili seçildikdən sonra bir çox işlər görməsini tələb edənlər də olub. Bunlardan biri 25 yaşlı Rugiyyə Həmidova olub: "Azərbaycanda Milli Məclis edə biləcəyindən az iş görür. Biz seçkilərə qədər bir sıra söz verib, seçildikdən sonra sözlərinə əməl etməyən çoxlarını tanıyırıq. Namizədlərdən verdiyi sözlərə əməl etmələrini, xalqın tələblərinə diqqət yetirmələrini xaiş edirəm. İnsanların maaş , işsizlik və başqa mövzularda bir çox problemləri var. Verilən vədlərə inanıb seçdiyimiz namizədlər sonralar bizi yanıldanda bu ümidlərimizin qırılmasına, hətta bəzən depresiyalara səbəb olur".
Azərbaycanda problemlli sahələrin çox olduğunu deyən Rugiyyə bu sahələrə xüsusi qayğı göstərilməsini vacib hesab edib: "Azərbaycanda sosial, iqtisadi, təhsil, mədəniyyət sahəsində bir sıra problemlər var. Bu sahələrin inkişaf etdirilməsi və problemlərin aradan qaldırılması zəruridir. Çünki bu problemlər olduğu müddət ərzində dövlətimiz bir qanadı qırıq quş kimi uçacaq. Yəni həmişə inkişafımızda əksiklik olacaq. Bunların qarşısı alınmalıdır ki, başqa sahələrdə inkişafımıza zəmin yaradılsın".
Digər bir iştirakçı olan 23 yaşlı Zeynal Məmmədov Milli Məclisin işindən razı olsa da namizədlərin mədəni səviyyəsinin aşağı olmasından şikayət edib: "Azərbaycanda br sıra sahələrdə irəliləyişlər olduğu danılmazdır. Bunda Milli Məclisin payının nə qədər çox olduğu ortadadır. Amma hər dəfə seçkilər vaxtı gəlib çatanda bir çox insanların iç üzləri açılır. Heç gözləmədiyimiz namizədlərdən elə sözlər eşidirik ki, bu həqiqətən xoş olmur. Televiziya debatlarında bir-birini təhqir edən namizədləri görəndə xalqın gələcəyini düşünmək nigarançılıq doğurur. Bəzilərinin hətta namizədliyinin qəbul edilməsi belə yanlışdır. Namizədlərə bir az daha mədəni olmağı məsləhət görürəm. Çünki bu cür aqressiv davranışlarla onlar özlərinə olan inamı sarsıdırlar".
Sonda 7 noyabrda keçiriləcək parlament seçkilərində amalı dövlətimizi və xalqımızı inkişaf etdirmək olan namizədlərə uğurlar arzulayırıq. Layiq olan qazansın!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB