“Diplomat” jurnalının Azərbaycana həsr edilmiş xüsusi sayı dərc edilib
Londonda nəşr olunan "Diplomat" jurnalının Azərbaycana həsr edilmiş xüsusi sayı dərc edilib. Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən SİA-ya verilən məlumata görə, "Diplomat" jurnalı Böyük Britaniya hökumətinin üzvləri, Avropa İttifaqının yüksək rəsmiləri, Avropa Parlamentinin üzvləri, Britaniyadakı diplomatik korpus, Böyük Britaniya parlamentinin üzvləri və işgüzar dairələr arasında paylanılır. 1947-ci ildə əsası qoyulmuş jurnal dünyada ən qədim diplomatik jurnallardan hesab olunur. Xüsusi say Azərbaycanda baş verən yeniliklərin Britaniya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə hazırlanıb.
Jurnalda Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərindən bəhs olunarkən bu əlaqələrin dinamik inkişaf etdiyi, sıx enerji əməkdaşlığı ilə yanaşı humanitar, mədəni və təhsil sahələrində əlaqələrin getdikcə dərinləşdiyi bildirilir. İkitərəfli münasibətlərin inkişafında xüsusi rol oynayan Britaniyadakı Azərbaycan təşkilatları və onların fəaliyyət istiqamətləri haqda oxuculara məlumat verilir.
Ölkəmizin xarici siyasətinə həsr olunmuş bölmədə Azərbaycanın xarici siyasətinin praqmatik xarakter kəsb etdiyi, son illərdə regin ölkələri ilə yüksək səviyyəli əməkdaşlığın dərinləşdiyi qeyd olunur. Xaricdəki diplomatik təmsilçiliklərinin sayının artırıldığı, müxtəlif beynəlxalq təşkilatların işində uğurlu fəaliyyət nəzərə çatdırılır.
Hesabatda həmçinin xarici siyasətin qarşısında duran əsas vəzifə kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və ölkənin ərazi bütövlüyünün təmin olunması vurğulanır. Getdikcə genişlənən Azərbaycan diplomatiyasının tələblərini nəzərə alaraq Azərbaycan Diplomatik Akademiyasının təsis edildiyi və bu təhsil ocağında yalnız Azərbaycandan deyil, dünyanın bir sıra ölkələrindən gənc diplomatların təhsil aldığı və gələcək illərdə ADA-nın öz fəaliyyətini daha da genişləndirəcəyi qeyd olunur.
Xüsusi sayın iqtisadi təhlil hissəsində son illər müşahidə olunan yüksək iqtisadi artımın davamlı xarakter aldığı, həyata keçirilmiş uğurlu iqtisadi siyasət nəticəsində region ölkələri ilə müqayisədə Azərbaycan iqtisadiyyatına qlobal iqtisadi böhranın ciddi təsir göstərmədiyi ifadə olunur.
Hazırda hökumət tərəfindən iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının təmin olunması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyi və mövcud iqtisadi və siyasi sabitliyin xarici sərmayələrin ölkəyə axınına əlverişli şərait yaratdığı bildirilir.
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi kimi regional nəqliyyat layihələrinin işə düşməsi ilə Azərbaycanın Qafqaz və Xəzər regionunda nəqliyyat qovşağına çevriləcəyi qeyd olunur. Enerji ixrac marşrutlarının çeşidləndirildiyi, enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılması məqsədilə reallaşdırılacaq layihələrdən biri olan Azərbaycan-Gürcüstan-Rumıniya mayeləşdirilmiş qaz layihəsi haqda məlumat verilir. Azərbaycanın müxtəlif mədəniyyətlərin qovşağında yerləşdiyi və bunun ölkədəki mədəni müxtəlifliyin ortaya çıxmasında özünü büruzə verdiyi qeyd olunur.
Hazırda ölkənin sivilizasiyalararası dialoq prosesində fəal iştirak etdiyi, bu istiqamətdə Azərbaycanın təşəbbüsü ilə "Bakı prosesi" adlandırılan dialoq prosesinin davam etdirildiyi qeyd olunur. Zəngin muğam sənətinin qorunması istiqamətində Heydər Əliyev Fondunun təşəbüssü və dəstəyi ilə bir sıra tədbirlərin görüldüyü, o cümlədən dünyada yeganə Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verildiyi, xüsusi muğam ensiklopediyasının hazırlandığı haqda məlumat verilir.
Turizmin daha da inkişaf etdirilməsi üçün zəngin potensialın olduğu, eko-turizm, mədəniyyət turizmi kimi sahələrin inkişafında xüsusi diqqət yetirildiyi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB