Müdafiə Sənayesi Nazirliyi: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə müdafiə təyinatlı məhsul istehsalında 3,2 dəfə artım əldə edilib" - AÇIQLAMA
Bu gün Noyabrın 1-də Müdafiə Sənayesi Nazirliyində (MSN) 2010-cu ilin doqquz ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. MSN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kollegiyada iş planına uyğun olaraq birlik və müəssisələrin istehsal, maliyyə təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib.
Bildirilib ki, hesabat dövrü ərzində 2010-cu ilin Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturları ilə 82 mln. manat həcmində müqavilələr bağlanılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müdafiə təyinatlı məhsul istehsalında 3,2 dəfə artım əldə edilib.
Eyni zamanda müəssisələrdə 19,3 mln. manatlıq mülki məhsul istehsal olunub. İclasda, həmçinin qeyd olunub ki, bu il Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq 98 mövzu üzrə 108 məmulatın yaradılması nəzərdə tutulub.
Hesabat dövründə 6 mövzu üzrə işlər tam başa çatdırılıb, 45 mərhələ yerinə yetirilib, digər mərhələlər üzrə işlər davam etdirilir. İclasda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. Dövlət Müdafiə Sifarişi Proqramının və digər proqnoz göstəricilərin icrası istiqamətində tapşırıqlar verilib.
Sonda çıxış edən nazir Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələrdə görülmüş işləri yüksək qiymətləndirdiyini bildirib. Nazir ölkənin müdafiə qüdrətinin gücləndirilməsi, Silahlı Qüvvələrin müasir tələblərə cavab verən silah və döyüş sursatları ilə təmin edilməsi istiqamətində MSN-in qarşısında qoyulmuş mühüm vəzifələrin icrası üçün bütün gücünü səfərbər edəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB