Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfə xəbərdarlıq edib. SİA-nın xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, təkcə dünən ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Fərrux Sabir oğlu Zeynalov yaralanıb.

Nazirlikdən bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların getdiyi bir ərəfədə Silahlı Qüvvələrimizə atəşkəs rejiminə əməl olunması barədə göstəriş verilib. Ancaq buna baxmayaraq qarşı tərəf vəziyyəti gərginləşdirməkdə davam edərək yenə də atəşkəs rejimini pozur. Təkcə son sutka ərzində Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin bir neçə istiqamətində mövqelərimizi atəşə tutmuş və nəticədə oktyabrın 31-də saat 16.20-də bir əsgərimiz (Zeynalov Fərrux Sabir oğlu) yaralanıb. Lakin Azərbaycan Silahlı Qüvvələri göstərişi yerinə yetirərək düşmənə cavab atəşi açmayıb.

Ermənistan başa düşməlidir ki, bu haldan sui-istifadə etməsinə yol verilə bilməz və qarşılıqlı anlaşmaya riayət edilməzsə, Azərbaycan tərəf cavab atəşi açmağa məcbur olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə