Kür çayının deltasında aparılan monitorinqin nəticələri açıqlanıb

Kür çayının deltasında aparılan monitorinqin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür çayının deltasında aparılan hidroloji monitorinqin nəticələri açıqlanıb. SİA-nın məlumatına görə, monitorinq zamanı Neftçala rayonunun Bankə qəsəbəsində Kür çayında suyun ümumi sərfinin 292 m3/s (100%), suyun orta axın sürətinin 0,54 m/s, yeni kanalın girişində ümumi su sərfinin 165 m3/s (56,5%), suyun orta axın sürətinin 0,62 m/s olduğu müəyyənləşib. Bala Kürün girişində ümumi su sərfi 114 m3/s (39%), Ana Kürdə isə açılmış təbii qollarda, ümumi su sərfi 8 m3/s (3%) olaraq qeyd edilib. Yeni kanalın dənizə töküldüyü yerdə axının maksimal sürətinin 0,93 m/s qeydə alınıb. Aparılan müşahidələr nəticəsində çayda orta dərinliyin 8,22 m, Bala Kürdə 3,35 m, Ana Kürdə isə 0,3-0,4 m olduğu müəyyən edilib. Yeni açılmış kanalın girişində dərinlik 5,1 m olub, kanalın orta hissəsində 4,95 m-ə çatıb, deltaya doğru isə tədricən azalaraq 3,5 m-ə qədər dəyişib. Onu da qeyd edək ki, yeni kanalın mənsəbində dərinliyin 4,4 m, mənsəbdən dənizə doğru təxminən 3 km məsafədə 4,2-4,5 m-ə çatdığı müşahidə olunub. Hazırda yeni kanalda "Azərenerjitikintiquraşdırma" SC-yə məxsus ixtisaslaşdırılmış "İnam" lilsoran gəmisi tərəfindən dib dərinləşdirmə işlərini görülür.
Nəticədə Kür çayına daxil olan ümumi suyun (292 m3/s) paylanma sərfinin yeni qolda 165 m3/s, Bala Kürdə 114 m3/s, Ana Kürdə isə 8 m3/s olduğu qeydə alınıb. O cümlədən bu ilin mayında Kür çayından ümumi su sərfinin paylanmasının faizlə miqdarı Bala Kürdə 37%, Ana Kürün qoltuq körfəzinə çıxan təbii qollarında 20% təşkil edirdisə, hazırda bu göstəricilər müvafiq olaraq 39% və 3% təşkil edib.
Qeyd edək ki, may ayında çayda olan ümumi suyun 32%-i yeni kanal vasitəsilə dənizə axıdılırdısa, hazırda bu rəqəm 56% təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə