Politoloq: “Bakı regionun siyasi paytaxtı kimi çıxış edir” MÖVQE

Politoloq: “Bakı regionun siyasi paytaxtı kimi çıxış edir” MÖVQE

“Bakı regionun siyasi paytaxtı kimi çıxış edir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, birincisi, Bakıda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstan Baş nazirinin müavini, Xarici İşlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilir: “Bu yeni və maraqlı formatdır. Mövcud üçtərəfli formata İran qoşuldu. Dördtərəfli formatda regional əməkdaşlıq məsələləri müzakirə edildi. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə və bu siyasətini davam etdirdiyinə görə, regional layihələrdən təcrid edilib. Bu Bakının siyasəti nəticəsində mümkün olub. Bakı Ermənistanın iqtisadi təcridini getdikcə gücləndirir. Bunu ermənilər daha yaxşı anlayır və bilir ki, regionun taleyüklü problemlərinin həllində İrəvan hər hansı bir formada iştirak etmir.

İkincisi, martın 14-dən 19-dək Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə VI illik Qlobal forum keçirilir. Bu Qlobal Forum Bakının ictimai-siyasi önəmini artırır. Tədbirdə çoxlu sayda xarici ölkə liderləri, keçmiş prezidentlər, baş nazirlər iştirak edirdi. Onlar həm Azərbaycanda gedən proseslərlə tanış olurlar, həm də Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı informasiyalar alırlar. Doğrudur, hələ ki, Bakıda keçirilən bu qlobal tədbirlər Qarabağ münaqişəsinin həllinə birbaşa təsir etmir, amma müəyyən müsbət təsirləri var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə