Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib YENİLƏNİB-FOTOLAR - VİDEO

Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib YENİLƏNİB-FOTOLAR - VİDEO

Bu gün Bakıda Azərbaycan jurnalistlərinin VII qurultayı işə başlayıb. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

İştirakçılar ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Təbrik məktubunda qeyd olunub ki, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılmışdır: "Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılıb, redaksiyaların maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, mətbuat hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub.

Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin birinci qurultayında mətbuatın özünü tənzimlənmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Ötən 15 ildə mətbuat şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təklifləri ilə çıxış edib, dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərib. Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutmuş və cəmiyyətdə böyük nüfuz qazanıb. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirilməsi bunun əyani sübutudur.

Hazırda güclü iqtisadi və maliyyə potensilaına malik Azərbaycan Respublikasında hər bir sahənin, o cümlədən də kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir. Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzunua ciddi təsir göstərdiyi müasit dövürdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipal olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir. İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırki vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək. Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə məhkəm can sağlığı və qurultayın işinə uğurlar arzulayıram”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkür edib. Daha sonra Əflatun Amaşov bu gün 58 yaşı tamam olan Əli Həsənovu doğum günü münasibəti ilə təbrik edib.

Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və nəzarət-təftiş komissiyasının hesabatları dinlənilib, hesabat ətrafında müzakirə aparılıb, Şuranın İdarə Heyətinin yeni tərkibi seçilib.

Mətbuat Şurası İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Daha sonra Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib. Bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib. Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Şuranın 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsindən (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) və 5 internet informasiya resursu təmsilçisindən (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) ibarət İdarə Heyəti formalaşıb.

Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edib. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunublar.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə