Səfir: “Özbəkistan Cənubi Qafqazda yalnız Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır”
Azərbaycan Respublikasının Strateji Araşdırmalar Mərkəzində "Müasir regional goesiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri" mövzusunda müzakirəli görüş təşkil olunub. SİA-nın xəbərinə görə, Azərbaycan Prezidenti yanında Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev çıxış edərək Azərbaycan və Özbəkistan arasındakı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı danışıb. Yüksək səviyyədə qarşılıqlı səfərlər mübadiləsinin və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan E. Nuriyev bütün sferalarda müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin iki ölkə arasında təmasların daha da sıxlaşmasına öz töhfəsini verəcəyinə əmin olduğunu qeyd edib.
Məruzəçi qismində çıxış edən Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşev iki dövlət arasında mövcud olan əlaqələrdən danışıb. O qeyd edib ki, dil, din, adət baxımından Azərbaycanla eynilik təşkil edən Özbəkistan dövləti xarici siyasətində rəsmi Bakı ilə münasibətlərin inkişafında daima maraqlı olub. Onun sözlərinə görə, iki dövlət qarşıda duran vəzifələrin həlli istiqamətində eyni mövqe nümayiş etdirir.
Səfir deyir ki, təmsil etdiyi ölkə Cənubi Qafqazda yalnız Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır: "Biz Cənubi Qafqaz regionunda körpü rolunu oynayan Azərbaycanı stabil ölkə kimi görürük. Stabil ölkədə inkişafda olur. Bu zəmində təmsil etdiyim dövlət regionda yalnız Azərbaycanla əməkdaşlıqda maraqlıdır, çünki Azərbaycan bizim üçün strateji tərəfdaşdır". İki ölkənin parlamentləri arasında əlaqələrin yüksək olduğunu bildirən səfir Azərbaycanın Milli Məclisində Özbəkistan Azərbaycan dostluq qrupunun mövcud olduğunu xatırladıb.
Eyni zamanda Özbəkistanlı səfir humanitar sahədən də danışıb: " Azərbaycan diasporu Özbəkistanda intensiv işlər görür. Belə ki, artıq ölkəmizdə qırx min Azərbaycanlı yaşayır. Həmçinin yeddi mədəniyyət mərkəzi fəaliyyət göstərir. İl ərzində Azərbaycanla Özbəkistan arasında 300 aviareys olur ki, bu da 20 000 insanın Özbəkistana gəlməsi deməkdir".
Ötən il ərzində iki dövlət arasında ticari dövriyyənin 50 mln ABŞ dolları təşkil etdiyini deyən İsmətulla İrqaşev cari ilin ikinci yarısında yüksək prespektivlərin əldə olunacağına əmin olduğunu bildirib. Nəqliyyat-tranzit məsələlərinə gəlincə səfir bildirib ki, təmsil etdiyi dövlət gələcəkdə istehsal etdiyi malların ixrac məqsədi ilə Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə Qara dəniz və oradan isə Avropaya ötürmək niyyətindədir: "Həmçinin gələcəkdə Daşkənt Hava Limanın Azərbaycan sahibkarları üçün Sakit Okean sahillərində yerləşən dövlətlərlə ticari əlaqələr yaratmaq üçün imkan yarada bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB