Məzahir Pənahov: "Seçicilərlə görüşmək üçün ayrılan yerlərlə bağlı heç bir problem ola bilməz" - MÖVQE

Məzahir Pənahov: "Seçicilərlə görüşmək üçün ayrılan yerlərlə bağlı heç bir problem ola bilməz" - MÖVQE

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, islasda 2010-cu il 7 Noyabr tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Ümumilikdə 8 müraciətə baxılıb və müvafiq qərarlar qəbul olunub. Belə ki, müraciətlərdən 5-i yenidən baxılmaq üçün dairə seçki komissiyalarına göndərilib. Birinə mübahisə predmeti ortadan qalxdığı üçün xitam verilib, biri əsassız hesab edilib, digər bininin baxılma müddəti isə uzadılıb.

 

Namizədlərin təbliğat kampaniyasının pozulması ilə bağlı müraciətlərinə toxunan MSK sədri Məzahir Pənahov bildirib ki, seçicilərlə görüşmək üçün ayrılan yerlərlə bağlı heç bir problem ola bilməz: "Nəzərdə tutulmayan yerlərdə seçicilərlə görüş təşkil etmək bizim vəzifəmiz deyil. Seçicilərlə görüş yalnız onlar üçün ayrılmış yerlərdə olmalı və dairə seçki komissiyaları bununla bağlı məlumatlandırılmalıdır. Qanun pozuntuları ilə bağlı müraciət edən namizədlər müraciətində seçicilərlə görüş üçün ayrılan yerin ünvanını qeyd etməlidir. Əks halda müraciət anonim hesab edilə bilər və buna tam haqqımız var. Bəzən namizədlərin nümayəndələri təşviqat materiallarını nəzərdə tutulmayan yerlərdən asır, nəticədə həmin plakatlar qoparılır. Ancaq qanunla nəzərdə tutulmuş yerlərdə yapışdırılmış plakatların qoparılması halları olarsa, onunla bağlı müraciət edilə və məsələ araşdırıla bilər. Bəzi namizədlər hələ də başa düşmürlər ki, təbliğat materialları yalnız onlar üçün ayrılmış yerlərdə asıla bilər. Sevindiricidir ki, bununla bağlı qanun pozuntuları azdır. Əksər namizədlər qanunvericiliyə əməl edirlər. Digər sevindirici hal isə ondan ibarətdir ki, qanunu pozanlar da bunun qəsdən etmirlər".

 

Qeydə alınan müşahidəçilərlə bağlı məlumat verən MSK sədri indiyə kimi Azərbaycanda parlament seçkilərini izləmək istəyən 859 beynəlxalq müşahidəçini qeydə alındığını bildirib. O, seçkilərin ümumilikdə 49 ölkənin müşahidəçiləri tərəfindən izlənəcəyini diqqətə çatdırıb.

 

M.Pənahov ölkə üzrə 2417, konkret seçki dairələri üzrə seçkiləri müşahidə etmək üçün isə 29546 nəfərin qeydə alındığını söyləyib. MSK sədri ümumilikdə indiyə kimi 33000-ə yaxın müşahidəçinin qeydə alındığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə