Siyasətbazların kitab yandırmaq kimi iyrənc əməlləri özlərini ləkələyəcək
Azərbaycan tarixlər boyu bir çox ziyalılar yetişdirib ki, onlar müxtəlif sahələrdə fəaliyyət göstərməklə ölkəmizin adını dünyaya tanıtdırıb, məmləkətimizin başını daim uca ediblər. Ziyalı həm də bir aydındır, işıqdır ki, o, xalqına, dövlətinə xidmət etməklə zülmətləri aradan qaldırır. Yəni ziyalı bütün dövrlərdə, bütün hakimiyyətlərdə bu adını qoruyur-saxlayır.
Lakin təəssüf ki, elə dırnaqarası ziyalılar da var ki, onlar bu adı sözün həqiqi mənasında bədnam edir, öz fəaliyyətləri ilə xalq qarşısında heç bir hörmət, heç bir qiymət qazana bilmirlər.
Əkrəm Əylisli kimi “ziyalıların” Azərbaycan xalqı qarşısında heç bir qədir-qiyməti ola bilməz!
Misal üçün, vaxtilə bir sıra əsərləri ilə oxucu kütləsi qazanmış yazıçı Əkrəm Əylislinin məlum “Daş yuxular” əsərindən sonra onun barəsində yalnız bir ifadə işlədildi – xəyanətkar! Bu qondarma əsəri ilə Azərbaycan xalqını təhqir hədəfinə çevirən Əkrəm Əylislinin bəlli addımı ona qarşı ümumxalq nifrəti yaratdı. Hətta bu “əsərinə” görə Ermənistanda ona büst də qoyuldu, üstəlik, “erməni xalqının qəhrəmanı” da elan olundu! Bax, belə “ziyalıların” Azərbaycan xalqı qarşısında heç bir qədir-qiyməti ola bilməz. Məhz bu baxımdan, onun həmin “əsərinə” etiraz əlaməti olaraq, xalq onun eyni adlı kitabından imtina etdi. Bu, həm də Əylislinin ziyalılara qarşı hörmətsizliyinin, bu ada təhqirinin məntiqi nəticəsi idi.
Nəyə görə radikallar Anarın bu çağırışına belə qısqanclıq nümayiş etdirir və kitablarını yandırmaqla hədələyirlər?
Bayaq da qeyd etdiyimiz kimi, ziyalı həm də bütün hakimiyyətlərdə bu adını qoruyur. Məsələn, bu günlərdə bəlli oldu ki, bəzi radikal siyasətbazlar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, dramaturq Anarın kitablarını yandırmaq fikrinə düşüblər. Nədir ki, o ziyalıları, elm adamlarını, yazıçı və şairləri apreldə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədinə səs verməyə çağırıb. Bu, əlbəttə ki, bir ziyalı çağırışıdır, özü də uzun illərdir Azərbaycanda və post-sovet məkanında öz yaradıcılığı ilə mötəbər ad qazanmış, hörmət qazanmış bir ziyalı çağırışı. Məgər ziyalının hər hansı bir çağırış etməyə hüququ çatmırmı? Nəyə görə radikallar Anarın bu çağırışına belə qısqanclıq nümayiş etdirir və kitablarını yandırmaqla hədələyirlər? Məsələ bəllidir – onlar bununla öz daxillərindəki çirkablarını, iyrəncliklərini, bir sözlə, paxırlarını ortaya qoyurlar. Və bu həmin radikal müxalifətdir ki, Əkrəm Əylislinin ermənipərəstliyinin müdafiəsinə qalxmışdı! Əlbəttə, belə bir xəyanətkarı müdafiə edənlər dövlətçiliyimizin, sabitliyimiizin, inkişafımızın tərəfdarı ola bilməzlər və Anarın ziyalı çağırışından da ciddi şəkildə narahatlıqlarını sərgiləyərlər. Halbuki, Anar bu iqtidardan öncəki hakimiyyətlər dövründə də öz ağırlığını, izzətini və hörmətini qazanmış, dövlətçilik maraqlarını hər şeydən üstün tutmuş bir ziyalı olub. Ziyalı adına qarşı öz çirkin, murdar “təfəkkürlərini” ortaya qoyan, onu siyasiləşdirən müxalifət “liderləri” sanki bununla bir daha isbat etdilər ki, “meydan” və “küçə” siyasəti, yaxud küçə uşağı siyasəti onların beyinlərində yer edib və ömürlük olaraq!
AYB-nin katibi Rəşad Məcid: “Heç olmasa, Xalq yazıçısının “Yaşamaq haqqı” traktatı ilə tanış olmalıdırlar ki, bu millətin haradan gəlib, hara getdiyini bilsinlər”
Bu gün sosial şəbəkələrdə haray-şivənçilik edərək, kitab yandırmaq “ideyasını” ortaya atanlar təbii ki, nadanlıq edirlər. Misal üçün, artıq digər ziyalılarımız da Anara qarşı çirkin kampaniya aparmağa cəhd edənləri sərt şəkildə qınayıblar. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525”ci qəzetin baş redaktoru Rəşad Məcid deyib: “Düşüncəsiz, nadan, bəsit insanlar da var, media belə adamların hər danışdığı ictimailəşdirməməlidir. AYB-nin katibi həmçinin bildirib ki, ciddi mətbuat belə hərdəmxəyal, nadan fikirlərə diqqət yetirməməlidir.
“Belə gənclər varsa, onlar ilk növbədə Anarın kitablarını oxumalıdırlar. Heç olmasa, Xalq yazıçısının “Yaşamaq haqqı” traktatı ilə tanış olmalıdırlar ki, bu millətin haradan gəlib, hara getdiyini bilsinlər.
Anarın gördüyü işlər, Azərbaycanın mədəniyyəti, tarixi haqqında fikirlərini oxumalıdırlar ki, yazıçını anlaya bilsinlər. Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər və yetişməmiş cavan uşaqlar yandırmaq istəyər.
Dönə-dönə vurğulayıram ki, bunu ictimailəşdirmək lazım deyil. 2-3 nəfər kəmağıl cavanın bu fikirlərinə kəskin ictimai qınaq olmalıdır”.
Beləliklə, fakt budur ki, bu gün ziyalı adına ləkə vurmağa çalışanlar son anda özləri-özlərini ləkələyəcəklər. Bu ləkə onların alınlarından heç vaxt silinməyəcək, əbədi olaraq qalacaq. Əlbəttə ki, əyri və iyrənc yollarından geri çəkilməyincəyə qədər...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB