Azər Həsrət: “Müxalifət cığal uşaqlar kimi yaxasını kənara çəkir” MÜNASİBƏT

Azər Həsrət: “Müxalifət cığal uşaqlar kimi yaxasını kənara çəkir” MÜNASİBƏT

“Ümumiyyətlə müxalifət qüvvələrinin aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlığından danışmaq olmaz. Çünki onlar özləri heç vaxt bu cür siyasi kampanyalara hazır olmurlar. Bunun da səbəbi çox sadədir. Bu adamların əslinə qalanda ali məqsədi heç də siyasi hakimiyyətə gəlmək deyil. Ona görə ki, öz güclərinə bələddirlər. Yəni zəif olduqlarını bilirlər və ona görə də bu siyasi kampaniyalarda yaxından iştirakdan imtina edirlər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, müxalifət qüvvələrinin seçkilərə hazırlıq səviyyəsi haqqında danışanda təbii ki, geniş heç bir söz demək mümkün deyil: “Biz indiki prezident seçkilərində də görürük ki, bu qüvvələr, xüsusən də o radikal qanadda yer tutmuş müxalifətçilər elə dərhal bəyan etdilər ki, biz seçkini boykot edirik və iştirak etmirik. Cığal uşaqlar kimi bir növ yaxalarını kənara çəkdilər. Əslinə qalanda onların boykor etməyə də gücləri yoxdur. Çünki boykot elə bir prosesdir ki, burada geniş xalq kütlələri seçkidə iştirakdan imtina edir, ümumiyyətlə isə seçkinin baş tutmasını əngəlləyir. Amma Azərbaycanda hər kəs bilir ki, müxalifət olan heç bir siyasi qüvvə boykot edəcək qədər güclü deyil. Ona görə də onların sadəcə olaraq hərəkətləri könül bulandırmaq, cığallıq etmək, oynamıram deyib yaxasını kənara çəkməkdən başqa bir şey deyil.

Yəni Azərbaycanda siyasi hakimiyyət iradəsi xalq tərəfindən birmənalı dəstəklənir. Üstəlikdə ölkəyə başçılıq edən cənab Prezident İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyası ölkənin ən böyük partiyasıdır. Onun 700 mindən artıq üzvü var. Bu isə o deməkdir ki, hətta böyük anlamda kütlələrin iştirakı olmadan belə YAP-ın istənilən seçkini udması üçün imkanlar yüzdə-yüz mümkündür. Yəni belə bir şəraitdə müxalifətdə olanlar da görünür durumu düzgün dəyərləndirə bilirlər. Ona görə də uduzmaqlarını həzm edə bilməyəcəklərinə görə, indidən boykot elan edirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə