Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın Sahil Mühafizə üzrə İşçi Qrupunun dördüncü iclası başlayıb
Bu gün Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın Sahil Mühafizə üzrə İşçi Qrupunun dördüncü iclası işə başlayıb. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, tədbirdə səkkiz ölkənin (Azərbaycan, ABŞ, Almaniya, Finlandiya, Gürcüstan, Niderland, Rusiya, Türkiyə) sərhəd xidmətlərinin və bir beynəlxalq təşkilatın (Avropa İttifaqının sərhəd təhlükəsizliyi üzrə FRONTEX Agentliyi) ekspertləri iştirak edir.
Azərbaycan DSX-nin rəhbərliyi altında fəaliyyət göstərən İşçi Qrupunun əsas vəzifələri dəniz sərhədlərinin etibarlı qorunması, sərhəd xidmətlərinin hüquqi bazasının öyrənilməsi, dənizdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində müsbət təcrübə və məlumat mübadiləsinin aparılması, tövsiyələrin hazırlanması, qeyri-leqal miqrantların, narkotiklərin, qaçaqmalın, silah-sursatın, kütləvi qırğın silahlarının və onun komponentlərinin aşkar edilməsi məqsədilə gəmilərə baxış metodlarının təkmilləşdirilməsindən, axtarış-xilasetmə əməliyyatlarının keçirilməsindən ibarətdir.
İclasda Sahil Mühafizə bölmələrinin əməkdaşlarının təlimi, hazırlanması və təkmilləşdirilməsi üzrə səmərəli sistemin yaradılması ilə əlaqəli olan məsələlər ətrafında müzakirələr aparılıb, dənizdə sərhəd təhlükəsizliyinin təmini ilə bağlı məsələlərin müzakirəsinin davam etdirilməsi və İşçi Qrupun 5-ci iclasının 2011-ci ilin oktyabr ayında Bakıda keçirilməsi qərara alınıb.
İki gün davam edəcək tədbir iştirakçıları DSX Akademiyasına və Silah Mühafizəsinin bazasına səfər ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB