Bakıda Azərbaycanın ÜTT-yə üzvlüyü istiqamətində müzakirələr aparılır - VİDEO (Səs TV-də)
Bakıda "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması: beynəlxalq təcrübə" adlı konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfrans Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Avropaya İnteqrasiya üzrə Azərbaycan Milli Komitəsi tərəfindən təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması üçün qısa müddət ərzində mühüm işlərin görüldüyünü xatırladıb. O, bildirib ki, bu istiqamətdə ÜTT-nin tələblərinə uyğun olaraq 20-yə yaxın qanunda dəyişiklik edilib: "Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün qurumun tələblərinə uyğun olaraq digər qanunvericilik aktlarında dəyişiklik ediləcək".
Eyni zamanda qurumun tələblərinə uyğun olaraq İqtisadi İnkişaf Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində sorğu mərkəzinin yaradıldığını bildirən XİN başçısının müavini qeyd edib ki, sorğu mərkəzlərində ÜTT üzvlərinin nümayəndələri və biznesmenləri maraqlandıran sahələr barəsində geniş məlumatlar ala biləcəklər.
M.Məmməd-Quliyev Azərbaycanın daxil olduğu Şərq Tərəfdaşlıq Proqramı yeni Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişinin imzalanması yolu ilə, Azərbaycanın Avropa İttifaqına iqtisadi inteqrasiyası üçün yeni perspektivlər yaradacağını deyib.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia isə çıxışında bildirib ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq özlüyündə məqsəd deyil, Azərbaycan üçün öz iqtisadiyyatını diversifikasiya etmək, Azərbaycan məhsullarının dünya bazarına çıxış imkanını genişləndirmək üçün çox önəmli vasitə olduğunu qeyd edib .
O bildirib ki, təşkilata üzvlük Azərbaycandakı biznesə və Ümumi Daxili Məhsulun artımına güclü təsir göstərəcək: "Yaxın keçmişdə quruma üzv olan ölkələrdə, məsələn Səudiyyə Ərəbistanında Ümumi Daxili Məhsulun ciddi artımı müşahidə olunur. Ona görə də mən hesab edirəm ki, Azərbaycan təşkilata üzv olmaqda maraqlıdır. Avropa Birliyi də bu məsələdə Azərbaycana dəstək verməyə hazırdır".
Daha sonra konfransda Azərbaycanın ÜTT-yə qəbul olunması prosesini və üzvlüyün ölkənin sosial iqtisadi inkişafına təsiri müzakirə olunub. Eyni zamanda müvafiq beynəlxalq təcrübəni öyrənmək üçün dövlət orqanlarından, beynəlxalq təşkilatlardan və biznes sahəsindən olan bir sıra mütəxəssislərin məruzələri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük yolunda olub, iqtisadiyyat və ticarətin müvafiq sahələrində bir sıra islahatları öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB