Arif Vəliyev: “Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,2 faiz artıb” - MÜNASİBƏT

Arif Vəliyev: “Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,2 faiz artıb” - MÜNASİBƏT

Azərbaycanda 2010-cu ilin yanvar-sentyabr ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çox və ya faktiki qiymətlərlə 29,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. SİA-nın xəbərinə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 2010-cu ilin yanvar-sentyabr aylarında ölkənin statistik göstəriciləri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, respublikada adambaşına ÜDM istehsalı 2,9 faiz artaraq 3286,6 manat (4090,4 ABŞ dolları) təşkil edib: "Bu dövrdə sənaye sahələrində 15,9 milyard manatlıq, yaxud ÜDM-in 54,4 faizi qədər, kənd təsərrüfatında 1,5 milyard manatlıq (5,1 faiz), tikinti kompleksində 2,1 milyard manatlıq (7,1 faiz), nəqliyyatda 1,8 milyard manatlıq (6,2 faiz), ticarət və pullu xidmətdə 2,0 milyard manatlıq (6,8 faiz), rabitədə 600,5 milyon manatlıq (2,0 faiz), digər sahələrdə 3,5 milyard manatlıq və ya ÜDM-in 11,9 faizi qədər əlavə dəyər yaradılmış, 6,5 faizini, yaxud 1,9 milyard manatını subsidiyalar istisna olmaqla məhsula və idxala xalis vergilər təşkil edib".

 

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,2 faiz, neft sektorunda 2,7 faiz artığını bildirən Komitə sədri sənaye sahəsində ilin əvvəlindən keçən müddət ərzində 20,4 milyard manatlıq, yaxud 2009-cu ilin müvafiq dövründə olduğundan 3,1 faiz çox sənaye məhsulu istehsal olunduğunu bildirib: "Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 1,9 faiz artaraq 38,6 milyon ton, əmtəəlik qaz hasilatı 3,8 faiz artaraq 12,6 milyard kub metr təşkil edib. Emal bölməsində keçən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsulları istehsalı 2,0 faiz, içki istehsalı 12,2 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar və tıxac istehsalı 18,0 faiz, kağız və karton istehsalı 13,3 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması 24,5 faiz, neft məhsulları istehsalı 7,7 faiz, kimya sənayesi məhsulları istehsalı 7,7 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 30,7 faiz, elektrik avadanlıqları istehsalı 67,5 faiz, maşın və avadanlıqlar istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 58,7 dəfə artıb".

 

Arif Vəliyev bildirib ki, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində elektrik enerjisi istehsalı 1,5 faiz azalaraq 13,2 milyard kVt.saat olub. Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində məhsul istehsalı əvvəlki ilin səviyyəsində qalsada sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,9 faiz, neft sektorunda isə 2,5 faiz çoxalıb.

 

Kənd təsərrüfatı məhsullarının yığımının davam etdiyini deyən A.Vəliyev qeyd edib ki, oktyabrın 1-nə kimi dənli bitkilər səpilmiş sahələrin 99,4 faizinin məhsulu toplanıb və həmin sahələrdən qarğıdalı da daxil olmaqla 1983,8 min ton məhsul götürülüb: "Orta hesabla hər hektarın məhsuldarlığı 20,6 sentner olub. Oktyabrın 1-nə kimi tarlalardan 928,1 min ton kartof, 1104,7 min ton tərəvəz, 416,0 min ton meyvə və giləmeyvə, 428,3 min ton bostan məhsulları, 79,8 min ton üzüm, 12,1 min ton pambıq, 468,5 ton yaşıl çay yarpağı, 2537,4 ton tütün toplanıb. İri buynuzlu mal-qaranın baş sayı 2616,4 min başa, qoyun və keçilərin baş sayı isə 8458,5 min başa çatıb, bu dövrdə 241,8 min ton diri çəkidə ət, 1157,5 min ton süd, 903,1 milyon ədəd yumurta, 14,8 min ton yun istehsal olub. Beləliklə, dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı ötən ilki səviyyədən 9,2 faiz aşağı, heyvandarlıq məhsulları istehsalı 6,2 faiz yüksək olmuş, nəticədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz azalıb. Kənd əməkçiləri gələn ilin məhsulu üçün 487,8 min hektar sahənin torpağını şumlamış, 19,0 min hektar sahədə dən üçün payızlıq bitkilər səpiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə