İnsan Hüquqları üzrə Müvəkkil Qubaya səfər edib

İnsan Hüquqları üzrə Müvəkkil Qubaya səfər edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu günlərdə Quba rayonuna səfər edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, o, müvəkkilin Quba Regional Mərkəzindəki əməkdaşların iş şəraiti, müraciət edən vətəndaşların qəbulu vəziyyəti, yerlərdə insan hüquqları sahəsində aparılan maarifləndirmə işi ilə tanış olub.

Ombudsmanın təşəbbüsü ilə hazırda keçirilməkdə olan Uşaq Hüquqları aylığı çərçivəsində silsilə tədbirlərin təşkili, qarşıdan gələn Parlament seçkiləri ərəfəsində vətəndaşlara seçki hüquqlarının izah edilməsi, əhali ilə yerlərdə görüşlərin, geniş maarifləndirmə işi aparılmasının zəruriliyi ilə bağlı regional mərkəzin əməkdaşlarına tövsiyələr verilib. E.Süleymanova əsaslı təmiri davam etdirilən regional mərkəzin binasında aparılan işlərin vəziyyəti ilə tanış olub, müvafiq tapşırıqlar verib.

Müvəkkil yeni tikilmiş Şahmat Məktəbində olub, yarış zalına baxıb. Səfər çərçivəsində Ombudsmana regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, Qubada abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi, Müalicə Diaqnostika Mərkəzinin istifadəyə verilməsi, Şahmat Məktəbinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli evin tikilməsi, rayonun turizm mərkəzinə çevrilməsi məqsədilə yeni istirahət mərkəzlərinin yaradılması barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə