Ombudsman Londondakı “Xəzər” İnformasiya Mərkəzinin direktorunu qəbul edib

Ombudsman Londondakı “Xəzər” İnformasiya Mərkəzinin direktorunu qəbul edib

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Londondakı "Xəzər" İnformasiya Mərkəzinin direktoru Gerald Frost ilə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müvəkkil insan hüquqları üzrə fəaliyyətini dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə yanaşı, beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlıq şəraitində qurduğunu, qarşılıqlı əlaqələrin genişləndirilməsində, fikir və təcrübə mübadiləsində Ombudsman təsisatının maraqlı olduğunu söyləyib. O, qonağa Azərbaycan Ombudsmanının mandatı, səlahiyyətləri, vəzifələri barədə ətraflı məlumat verib, təsisatın dinamik və çevik işlədiyini, insan hüquq və azadlıqlarının müdafiəsinə və təmin olunmasına yönəlmiş fəaliyyətin daim təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.

E.Süleymanova qonağın ölkədə qadın hüquqlarının müdafiəsi, qadınların idarəetmədə iştirakı ilə bağlı sualını cavablandıraraq, son bələdiyyə seçkilərində Azərbaycanın yerli özünüidarəetmə orqanlarına seçilmiş namizədlərin orta hesabla 26,6 faizini qadınların təşkil etdiyini və bu göstəricinin əvvəlki seçkilərə nisbətən xeyli yüksək olduğunu vurğulayıb. Müvəkkil müvafiq nazirlik və komitələrdə, yerli özünüidarəetmə orqanlarında, o cümlədən rayon icra hakimiyyətlərində qadınların yüksək vəzifələrdə çalışdığını diqqətə çatdırıb. O, təkcə yerli özünüidarəetmə orqanlarında deyil, ümumən idarəçilikdə qadınların fəallığının, təmsilçiliyinin artırılmasının ölkəmizdə gender siyasətinin uğurla gerçəkləşdirilməsinə kömək edəcəyini söyləyib.

Ölkəmizdə həyata keçirilən dövlət siyasətində uşaqlara xüsusi diqqət yetirildiyi, dövlət başçısının sərəncamı ilə ötən ilin Azərbaycanda "Uşaq ili" elan edildiyi və mühüm tədbirlərin təşkil edildiyi vurğulanıb.

Ombudsmanın Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Bakı şəhərinin üç pilot məktəbində uşaq hüquqları üzrə pilləli tədrisin həyata keçirildiyi, təsisatda adı çəkilən layihə üzrə "Uşaq hüquqları hamı üçün" adlı kitab və "Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular" adlı dərs vəsaitinin nəşr olunduğu bildirilib.

Müvəkkilin uşaq hüquqları üzrə ilk İxtisaslaşmış məruzəsinin hazırlandığı və uşaqların vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlmiş təklif və tövsiyələrlə bağlı müvafiq orqanlara göndərildiyi vurğulanıb.

G.Frostun Müvəkkilin ünvanına daxil olan şikayətlər, vətəndaşların sosial hüquqlarının müdafiəsi, dövlət qurumları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq, məhkəmə qərarlarının icrası ilə bağlı və digər sualları da ətraflı cavablandırılıb.

Görüşdə respublikamızda məhkəmə-hüquq islahatlarının aparıldığı, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin, o cümlədən regionlarda inzibati-iqtisadi məhkəmələrin yaradıldığı, penitensiar müəssisələrin və polis idarələri binalarının əsaslı təmir olunduğu, yaxud bu müəssisələrin böyük əksəriyyəti üçün yeni inzibati binaların istifadəyə verildiyi, müasir avadanlıqla təchiz olunduğu, həmin müəssisələrdə saxlanma şəraitinin Avropa standartlarına uyğunlaşdırıldığı bildirilib.

Qonaq Ombudsmanın fəaliyyətini yüksək qiymətləndirmiş, səmimi qəbul, ətraflı fikir mübadiləsi üçün təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə