“Yəqin ki həmsədrlər Dağlıq Qarabağa gedəcəklər” MÜNASİBƏT

“Yəqin ki həmsədrlər Dağlıq Qarabağa gedəcəklər” MÜNASİBƏT

“Ümumiyyətlə Azərbaycan xeyli müddət ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasının sayının 13 nəfərə çatdırılmasına razılıq verib. Əgər inidyədək missiyanın üzvlərinin sayı 6 nəfər idisə, onların sayına 7 nəfər də əlavə olundu. Sadəcə olaraq bunun müəyyən mənada görüntü tərəfləri var idi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

“Görünür onu da razılaşıblar deyə, həmsədrlər regiona səfəri çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək onların da mövqeyini örgənəcəklər. Həm də mümkündür ki, həmsədrlər yaxın zamanda prezidentlərin görüşü ilə bağlı təklif irəli sürsünlər və bu görüşün özünü də rəsmi Moskva təşkil etsin. Bu hazırda Dağlıq Qarabağ tənzimlənməsində aktivlik hesab olunur. Həmsədrlərin regiona səfəri çərçivəsində Dağlıq Qarabağa getməsi ilə bağlı heç bir əlavə məlumat yoxdur. Amma adətən belə olub ki, həmsədrlərin Bakıda olma tarixləri ilə Yerevanda olma tarixləri arasında fərq böyük olanda Azərbaycanın qalan ərazisindən keçərək Dağlıq Qarabağa getsinlər. Yəqin ki onlar Dağlıq Qarabağa gedəcəklər. Bu özü də indiki dövrdə həmsədrlərin tənzimlənməni yekunlaşdırmaqla bağlı aktivliyinin göstəricisidir”-deyə, M.Əhmədoğlu deyib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub. Vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər. Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar. Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq. Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə