"Gənclərimiz peşəkar olmaq qabiliyyətlərini kifayət qədər artırıblar" MÖVQE

"Gənclərimiz peşəkar olmaq qabiliyyətlərini kifayət qədər artırıblar" MÖVQE

“Azərbaycanda gənclərlə bağlı əsası Ulu Öndər tərəfindən qoyulan böyük siyasət həyata keçirilir. Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti modeli digər ölkələr tərəfindən öyrənilərək tətbiq olunur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Şahin İsmayılov deyib.

Azərbaycanda gənclər siyasətinin əsasının Ümumilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qoyulduğunu deyən komitə üzvü söyləyib ki, Ulu Öndər çətin dövr olmasına baxmayaraq, 1993-cü ildə Ali Sovetdə bir qrup gənci qəbul edərək, müstəqilliyimiz dövründə onların üzərinə düşən vəzifələri qeyd etmişdi: “Daha sonra ölkəmizdə 1997-ci ildə Gənclər Forumu keçirildi, gənclər günü təsis olundu, daha sonra gənclərlə bağlı qanun və proqramlar qəbul edildi”.

Ş. İsmayılovun sözlərinə görə, gənclər sahəsi elə bir sahədir ki onunla bağlı çox gözəl nümunələr göstərmək olar: “İndiyə qədər gənclər siyasətinə dair bir sıra proqramlar qəbul olunub. Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlanıb, onların xaricdə təhsilinə, yardıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formlaşmasına töhvə verməklə çox geniş spektrı əhatə edib. Bu proqramlardan minlərlə Azərbaycan gənci yararlanıb və indidə yararlanmaqda davam edir. Bu proqramların nəticəsi olaraq yeni-yeni gənc liderlər yaranıb və onlar bu və ya digər sahədə Azərbaycan dövlətinə, o cümlədən gəncliyimizin inkişafına bu gün də töhvə verməkdədirlər”.

2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasından söz açan Ş İsmayılov deyib ki, ümumiyyətlə, indiyə qədər görülən işlər bundan sonra görülən işlərin təminatçısıdır ki, bu da çox sevindiricidir: “Aparılan təhlillər göstərir ki, gənclərimiz azərbaycançılıq məfkurəsini, o cümlədən peşəkar olmaq qabiliyyətlərini kifayət qədər artırıblar. Mən bütün gəncləri "Gənclər günü" münasibətilə ilə təbrik edirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə